14 oktyabr 2025 12:15
122

Dövlət Komitəsi və Mediasiya Şurasının birgə əməkdaşlığı çərçivəsində mediatorlar üçün seminarlar davam etdirilir

13-16 oktyabr 2025-ci il tarixlərini əhatə edən seminarlar Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssis, Ankara Sosial Elmlər Universitetinin Hüquq Fakültəsinin müəllimi, dosent doktor, Türk Dünyası Mediatorlar Birliyi Təhsil Komissiyasının sədri, mediator Yasemin Güllüoğlu tərəfindən keçirilir.

Yerli mediatorların iştirak etdiyi seminarlarda hər gün mütəxəssis tərəfindən fərqli iştirakçılara mediasiyanın prinsipləri, ailə məsələləri ilə məşğul olan mütəxəssislərin rolu və keyfiyyətləri, mexanizmlər, vətəndaşlarla düzgün ünsiyyətin qurulması və s. kimi məlumatlar təqdim edilir, müxtəlif interaktiv metodlar birgə icra olunur. Eləcə də, iştirakçılara Azərbaycan dilinə tərcümə edilmiş məlumat kitabçaları, anket sorğuları və testlər təqdim olunur.

Qeyd edək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi” bəndinin icrası məqsədilə keçirilir.