Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində “Kosmik super insan: gücləndirmə və fiziki hazırlıq” təlimi həyata keçirilib.
Təlim Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos” ) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin tərəfdaşlığı, “Azərkosmos” un nəzdində fəaliyyət göstərən “KOSMİK Akademiya” nın təşkilatçılığı ilə baş tutub.
Təlim kosmosda yaşamaq və fəaliyyət göstərmək üçün insan bədəninin fiziki və psixoloji dözümlülüyünün artırılması, həmçinin, astronavtların və idmançıların tətbiq etdiyi gücləndirmə və hazırlıq metodları haqqında ictimaiyyəti maarifləndirmək məqsədi daşıyıb.
Təlimdə çıxış edən Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Prof. Təhminə Tağı-zadə ekstermal şəraitdə insan bədəni, performans və davamlılığı artırmaq üçün strategiyalar, insan inkişafında etik prinsiplər mövzularına toxunub, həmçinin iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsinin builki mövzusu “Kosmosda yaşam” adı ilə müəyyən olunub və həftə çərçivəsində baş tutan tədbirlər insanların kosmosda yaşaması, işləməsi, uyğunlaşması istiqamətində maarifləndirməni gücləndirməyi hədəfləyib.