16 oktyabr 2025 23:35
108

Qəhrəman şəhər yeni inkişaf mərhələsini yaşayır

Azərbaycan xalqının Lideri, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan “Qarabağın Şərq qapısı” Füzuli bu gün sürətlə yenidən qurulur, inkişaf edir.

Azərbaycan Ordusunun 44 gün ərzində böyük zəfərlərə imza atdığı tarixi Qələbənin ildönümü ilə yanaşı, xalqımız 17 Oktyabr – Füzuli Şəhəri Gününü də bayram edir.

Bütün azad olunmuş torpaqlar kimi, talana, dağıntıya məruz qalan Füzuli rayonunun bərpası, yenidən qurulması, 30 il əvvəlki axarına qaytarılması Zərəf yolunda inamla irəliləyən Azərbaycanın xoş niyyətinin bariz təcəssümüdür.

44 günlük Vətən müharibəsinin, xalqımızın Zəfər salnaməsinin ilk günləri Füzuli rayonunun bir neçə kəndinin azad edilməsi ilə başladı. Mübariz ordumuzun igid, çəsur əsgər və zabitləri cəbhənin digər nöqtələrində olduğu kimi, Füzuli şəhəri istiqamətində də düşmənin müqavimətini qıraraq onları geri çəkilməyə məcbur etdi. 44 günlük Vətən müharibəsinin 22-ci günü Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizləndi. Ümumiyyətlə, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri oldu. Füzuli əməliyyatının nəticəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edildi. 30 ilə yaxın işğal etdikləri torpaqlarda mürəkkəb müdafiə mövqeləri quran düşmən Azərbaycanın vətənpərvər oğullarının qəhrəmanlıqları qarşısında təslim olmaqdan başqa yolun olmadığını anladı.

Düşmən işğalından azad olunanda ücrəngli bayrağımızı qaldırmağa salamat binası tapılmayan Füzuli işğaldan azad edildi, düşməndən təmizləndi. Ordumuzun ən uğurlu əməliyyatlarından biri kimi həm Azərbaycan, həm də dünya hərb tarixinə düşən Füzuli əməliyyatından sonra şad xəbəri xalqa çatdıran Ali Baş Komandan İlham Əliyev qeyd edir: “Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik…Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da”.

Böyük hərbi peşəkarlıq nəticəsində Füzuli şəhərini işğaldan azad etməsi Azərbaycan Ordusunun növbəti strateji uğuru idi. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı”.

2023-cü il avqustun 18-dən etibarən Füzuliyə başlanan qayıdış prosesi artan templə davam edir. Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan öz tarixi, dədə-baba torpaqlarında məskunlaşacaqlar. Sevindirici haldır ki, Füzuli indi tamamilə yenidən qurulur, yeni inkişaf mərhələsini yaşayan qəhrəman şəhərin göz oxşaya siması görənləri heyran edir.

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri