17 oktyabr 2025 21:37
188

Azərbaycan Respublikasında Statistikanın inkişafı

20 oktyabr – Ümumdünya Statistika Günüdür

Hər 5 ildən bir 20 oktyabr tarixi bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Statistika Günü kimi qeyd olunur. Bu günün təsis edilməsi haqqında qərar BMT Baş Assambleyasının 64/267 saylı qətnaməsi ilə  3 iyun 2014-cü ildə qəbul edilmişdir. Məqsəd cəmiyyətin bütün sahələrində statistik məlumatların əhəmiyyətinə diqqət çəkmək, dayanıqlı inkişafın təmin edilməsində dəqiq və etibarlı məlumatların rolunu vurğulamaqdır.

Bu il 4-7 mart tarixlərində keçirilmiş BMT-nin 56-cı sessiyasında 2025-ci il üçün əsas şüar “ Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək “ həm qlobal, həm də milli səviyyədə rəsmi statisikanın sosial iqtisadi inkişafda nə qədər vacib olduğunu göstərir.

Azərbaycanda statistikanın inkişaf mərhələsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev ölkədə statistika sisteminin inkişafına xüsusi önəm vermişdir. O, hələ sovet dövründən başlayaraq dövlət idarəçiliyində dəqiq və obyektiv məlumatların əhəmiyyətini vurğulamışdır. Ulu Öndərin sözləri ilə desək: “Dövlətin idarə olunmasında ən vacib amillərdən biri də doğru, dəqiq və obyektiv statistik məlumatlardır. Hər bir qərar elmi əsaslara və statistik təhlilə söykənməlidir”. Onun rəhbərliyi altında yaradılmış hüquqi baza milli statistika sisteminin formalaşmasına və inkişafına təkan vermişdir. 18 fevral 1994-cü ildə qəbul edilmiş “Statistika haqqında” Azərbaycan Respublikasının Qanununu statistikanın inkişafında dönüş nöqtəsi kimi qeyd etmək olar. Bu qanun ölkəmizdə rəsmi statistikanın hüquqi əsaslarını müəyyən etmiş, məlumatların toplanması, emalı və yayımında şəffaflıq və obyektivliyin təmin edilməsinə xidmət etmişdir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev tərəfindən statistika sahəsinə göstərilən diqqət və qayğı nəticəsində bu istiqamətdə mühüm nailiyyətlər əldə olunmuşdur. Ölkə başçısı tərəfindən imzalanan Fərman və sərəncamlar statistik sahənin dövlət səviyyəsində inkişafına şərait yaratmışdır. Bunun nəticəsi olaraq maddi-texniki baza gücləndirilmiş, müasir informasiya sistemləri qurulmuş, rayon və şəhər statistika idarələri üçün yeni inzibati binalar tikilmişdir.   2018-ci il 7 mart tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışında cənab Prezidentin iştirakı  bu diqqət və qayğının bariz nümunəsidir.

Ümumilikdə ölkəmizdə rəsmi statistikanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Müstəqillik illərində Azərbaycan Respublikasında Statistika sahəsində 6 dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar çərçivəsində milli statistik təsnifatların hazırlanması, Milli Hesablar Sisteminin qurulması, elektron stastistikanın inkişafı , sahibkarların üzərinə düşün statistik yükün azaldılması, keyfiyyət idarəetmə sisteminin tətbiqi, statistika orqanlarının maddi texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görülmüşdür.

Ölkəmizdə Ümumdünya Statistika Günü ilə əlaqədər müxtəlif tədbirlər, elmi-praktik konfranslar və ictimai müzakirələr keçirilir. 24-26 sentyabr tarixlərində Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu“ mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilmişdir. Bu Forumun keçirilməsi dövlətimizin beynəlxalq imicinin möhkəmləndirilməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilmişdir. Cənab Prezidentin müraciətində qeyd edilən “Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və  şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır” sözləri statistikaya verilən yüksək dəyərin göstəricisidir.

Ümumdünya Statistika Günü ilə əlaqədər keçirilən tədbirlərin davamı olaraq yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiada keçirilir. Olimpiadının keçirilməsində məqsəd gənclərdə statistikaya marağın gücləndirilməsi, bu sahədə xüsusi bilik və bacarıqlara malik istedadlı şagird və tələbələrin  dəstəklənməsidir.

Müasir dövrdə iqtisadi, sosial, ekoloji proseslərin sürətli inkişafı statistikadan daha çevik və innovativ yanaşma tələb edir. Bu isə rəqəmsal texnologiyaların geniş tətbiqi, beynəlxalq standartlara uyğunlaşma və statistik məlumatların keyfiyyətinin yüksəldilməsi kimi prioritetləri əhatə edir. Bütün bunlar gələcəkdə statistika orqanlarının qarşısında rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumatların keyfiyyətinin və müqayisəliliyinin, statistik savadlılığın artırılması, dayanıqlı inkişaf göstəricilərinin təkmilləşdirilməsi və s. kimi vəzifələri  qoyur.

Bakı Şəhər Statistika İdarəsi