20 oktyabr 2025 11:03
116

Zəngilanın işğaldan azad edilməsi tarixi Zəfər yolunun ən mühüm mərhələlərindən biridir

2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu 27 ildən artıq erməni işğalı altında qalmış Zəngilan şəhərini azad etdi. Bu tarixi hadisə 44 günlük Vətən müharibəsinin gedişatında mühüm dönüş nöqtələrindən biri oldu. Zəngilanın azad olunması təkcə hərbi əməliyyatların növbəti uğuru deyildi — bu hadisə, eyni zamanda, həm siyasi-strateji, həm də psixoloji cəhətdən müharibənin nəticəsini müəyyən edən əsas mərhələlərdən biri kimi tarixə düşdü.

Zəngilanın erməni işğalından azad olunması əməliyyatı, Azərbaycanın cənub istiqamətində həyata keçirilən Hadrut–Cəbrayıl–Füzuli–Zəngilan xətti üzrə hücumun məntiqi nəticəsi idi. Bu istiqamətdə əldə edilən uğurlar ordumuzun Araz çayı boyunca tam nəzarəti ələ keçirməsinə, Ermənistanla sərhədin bərpasına və Laçın–Qubadlı istiqamətində yeni əməliyyatların başlanmasına imkan yaratdı.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkəırdəlik bacarığ sayəsində əldə edilmiş bu hərbi uğur Azərbaycan tərəfindən Ermənistanla dövlət sərhədinin mühüm hissəsinə nəzarətin bərpa edilməsi, Zəngəzur dəhlizinə çıxış üçün strateji mövqelərin ələ keçirilməsi, ordumuzun Qubadlı və Laçın istiqamətində sürətli irəliləyişinin təmin edilməsi, habelə Ermənistan ordusunun cənub cinahının tam çökməsi ilə səciyyəlidir. Bu baxımdan Zəngilan əməliyyatı hərbi-strateji mənada ikinci Qarabağ müharibəsində operativ üstünlüyün son mərhələyə keçidi kimi qiymətləndirilir. Belə ki, bu ərazinin işğaldan azad edilməsi ilə artıq düşmənin Qarabağdakı təchizat yolları kəsilmiş, erməni birləşmələri izolyasiyaya salınmışdı.

Bu hadisə həm də erməni cəmiyyətində dərin psixoloji sarsıntı yaratdı. Çünki Zəngilanın azad olunması Ermənistan ordusunun “keçilməz müdafiə xətti” kimi təqdim etdiyi sistemin bir neçə gün içində dağıdıldığını göstərdi. Zəngilan əməliyyatı göstərdi ki, Azərbaycan əsgəri mənəvi iradə və vətən sevgisi ilə silahlanıb, xalq, dövlət və ordu vahid məqsəd uğrunda birləşib, düşmən ordusunun döyüş ruhu isə tam şəkildə çökməyə başlayıb.

Zəngilanın azad olunmasını həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ədalətli mövqeyinin təsdiqi kimi də dəyərləndirmək olar. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına tam uyğun şəkildə bərpa edir. Prezident İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində Zəngilanın azad olunduğunu elan edərkən bildirmişdir ki, “Azərbaycan ordusu Zəngilan şəhərini və bir çox kəndləri azad edib. Bu, bizim tarixi qələbəmizdir, bu, bizim haqq işimizin nəticəsidir”.

Zəngilanın azad edilməsi eyni zamanda regionda yeni geosiyasi reallığın formalaşmasının ilkin mərhələsinin tərkib hissəsidir. Belə ki, bu hadisədən sonra Ermənistanın təcavüzkar siyasətinin iflası tam şəkildə nümayiş olundu, Azərbaycanın regional təşəbbüslərdə – xüsusilə Zəngəzur dəhlizi layihəsində aparıcı rolu möhkəmləndi, türk dünyasını birləşdirən Şərq–Qərb nəqliyyat marşrutlarının reallaşması üçün real zəmin yarandı.

Zəngilan əməliyyatı həm də Prezident İlham Əliyevin siyasi və hərbi liderlik bacarığının bariz nümunəsidir. Belə ki, dövlət başçısı diplomatik təzyiqlərə rəğmən, əməliyyatların ardıcıl və məqsədyönlü şəkildə aparılmasını təmin etdi. Ali Baş Komandanımızın hərbi-siyasi idarəçiliyi nəticəsində beynəlxalq təzyiqlər balanslı şəkildə neytrallaşdırıldı, informasiya müharibəsində Azərbaycan həqiqətləri üstünlük qazandı, hərbi əməliyyatların tempi və istiqaməti dəqiq strateji plan üzrə davam etdirildi.

Digər tərəfdən, Zəngilanın işğaldan qurtulması Azərbaycan xalqının mənəvi dirçəlişinə güclü impuls vermişdir. 1993-cü ildə işğal nəticəsində doğma yurdlarından didərgin düşmüş yüzlərlə zəngilanlı ailənin 27 il sonra həmin torpaqlara qayıtmaq hüququnu əldə etməsi və bölgədə aparılan misilsiz bərpa və quruculuq işləri xalqda Ali Baş Komandana sonsuz etimad, müstəqil və suveren Azərbaycanın xoşbəxt gələcəyinə  inam və qalib dövlət ruhunu formalaşdırır.

Beləliklə, regionda yeni sülh və inkişaf mərhələsinin əsasını qoyan bu hadisə göstərdi ki, Azərbaycan güclü orduya və strateji düşüncəyə malikdir, qələbə yalnız silahla deyil, həm də xalqın birliyi və siyasi iradəsi ilə qazanılır. Zəngilanın işğaldan azad edilməsi Azərbaycan tarixində həm hərbi zəfər, həm də milli birliyin və xalqın qürur simvolu kimi qalacaq. Bu hadisə təkcə torpaqların qaytarılması deyil, həm də xalqın tarixi ədalətə qovuşmasının təcəssümüdür.

Əli Hüseynli,
​Milli Məclisin deputatı