Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında və Avrasiya məkanında yeni qüvvələr balansının formalaşmasında mühüm mərhələ olacaq. Bu barədə ölkəmizin başçısı Qazaxstana dövlət səfəri ərəfəsində «Kazinform»a eksklüziv müsahibəsində bildirib: « Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim.»
Müsahibədə xüsusi vurğulaır ki, ortaq tarixi, mədəni və strateji maraqları olan iki Xəzəryanı dövlət - Azərbaycan və Qazaxıstan getdikcə daha fəal şəkildə Avropa ilə Asiya arasında əlaqələndirici halqaya çevrilir. Son illər ərzində Bakı ilə Astana arasında iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Ötən il Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon ABŞ dollarına çatıb. Bu ilin ilk yarısında isə ticarət dövriyyəsi artmaqda davam edərək 501 milyon dollara yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Bu artım, ilk növbədə, Ukraynada müharibənin başlanmasından sonra şimal tranzit dəhlizlərinə alternativlərdən birinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə nəqliyyat axınlarının artması hesabına təmin olunub.
Prezident İlham Əliyev sözügedən müsahibəsində bu barədə deyib: «Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.»
Müsahibədə iki dost və qardaş ölkə arasındakı mədəni əlaqələrə də toxunulub. Ölkəmizin başçısı bildirib ki, hər iki ölkədə mütəmadi olaraq mədəniyyət günlərinin keçirilməsi müsbət hadisədir: «Əvvəl dediyim kimi, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.
Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim. Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.»
Prezident İlham Əliyevin müsahibədəki fikirlərindən aydın görünür ki, Azərbaycanla Qazaxstan arasındakı çoxtərəfl əməkdaşlıq yeni inkişaf mərhələsindədir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri