21 oktyabr 2025 11:04
120

Kamaləddin Qafarov: Azərbaycan–Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir

“Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər son dövrdə sürətlə inkişaf edir və bu əməkdaşlıq ölkələrimizin gələcək tərəfdaşlığının mühüm təməlini qoyur.”

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, dövlət başçıları- İlham Əliyev və Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, davamlı dialoq və strateji işbirliyi nəticəsində iqtisadi əməkdaşlıq yalnız artım tempinə malik deyil, həm də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.”Cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfər ərəfəsində “Kazinform”a verdiyi müsahibəsində də qeyd olunur ki, ikitərəfli iqtisadi əlaqələrin güclənməsində hər iki dövlət başçısının ardıcıl təşəbbüsləri böyük rol oynayır. Cənab Prezident vurğulayır ki, Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-dən artıq kommersiya strukturu ölkələrimiz arasında iqtisadi etimadın göstəricisidir. Qarşılıqlı ticarət davamlı olaraq artmaqda davam edir və bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi sayəsində mümkün olub.”

Millət vəkili qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq regionun iqtisadi inteqrasiyasını daha da möhkəmləndirir: “Orta Dəhliz tranzit marşrutu üzərindən daşımaların həcmi 2024-cü ildə 3,5 milyon tonu keçmişdir, bu isə hər iki ölkənin yükdaşımada üstün mövqeyini güclənməsi deməkdir. 2022-ci ildə imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” bu prosesin strateji planını ortaya qoymuşdur: infrastrukturun sinxron inkişafı, əməliyyatların optimallaşdırılması, vahid tarif siyasətinin tətbiqi və logistika mərkəzlərinin yaradılması bu layihənin əsas prioritetləridir. Cənab Prezident İlham Əliyev öz müsahibəsində belə bir mühüm məqamı da vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasında neft-qaz sektorunda da əməkdaşlıq uğurlu nəticələr verir. SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton neftin tranziti haqqında baş saziş ölkələrimizin enerji sahəsindəki etimadını nümayiş etdirir. Eyni zamanda, yaşıl enerji və bərpaolunan mənbələrin təşviqi istiqamətində imzalanmış sazişlər ikitərəfli gündəlikdə əhəmiyyətli yer tutur. Bu təşəbbüslər yalnız iqtisadi deyil, ekoloji baxımdan da davamlı inkişafın rəmzidir. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlıq həm də innovasiya və rəqəmsal inteqrasiya sahəsində inkişaf edir. Sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi iki ölkənin informasiya infrastrukturlarını birləşdirəcək və regionda rəqəmsal əlaqələri daha da gücləndirəcək. Beləliklə, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat-logistika və enerji sahələrindəki strateji yanaşma Azərbaycanın və Qazaxıstanın regiondakı rolunu möhkəmləndirir, qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını təmin edir. Bu, yalnız bugünkü nailiyyətlərin deyil, gələcəkdə formalaşacaq davamlı tərəfdaşlığın da zəmanətidir”.