21 oktyabr 2025 15:17
121

“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində “Unimetal” MMC ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət etmiş “Unimetal” MMC-nin Baş icraçı direktoru Kamran Həşimovla görüşüb.

“İki sahil” xəbər verir ki, Görüşdə metal konstruksiyalar, dəmir-beton məhsulları və sənaye üçün nəzərdə tutulan digər mühüm komponentlərin istehsalı sahəsində ixtisaslaşmış müəssisədə tətbiq olunan müasir texnologiyalar və proseslərin avtomatlaşdırılma səviyyəsi barədə fikir mübadiləsi aparılıb. “Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində atılacaq addımlar, müəssisənin texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi və transformasiyası istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə olunub.

“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 4SİM tərəfindən həyata keçirilir və yerli sənaye müəssisələrinin texnoloji transformasiyasını sürətləndirməyi, əməliyyat səmərəliliyini artırmağı və innovasiyalar vasitəsilə onların rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.

Proqram çərçivəsində istehsal yönümlü və ixrac potensialı yüksək olan müəssisələrin texnoloji  hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir. Müstəqil ekspertlər tərəfindən aparılan diaqnostikanın nəticəsində şirkətlər texnoloji transformasiya üçün fərdi yol xəritəsi əldə edir. Yol xəritələrinin icrası mərhələsində müəssisələrə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən güzəştli kreditlərin verilməsi və beynəlxalq mütəxəssislərin iştirakı ilə ekspert dəstəyinin göstərilməsi nəzərdə tutulur.