21 oktyabr 2025 13:06
78

Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir

2025-ci ilin 18 oktyabr tarixində Prezident İlham Əliyev Kazinform agentliyinə eksklüziv müsahibə verərək, Azərbaycanın və Qazaxıstanın qardaş dövlətlər kimi strateji əməkdaşlığından, regional və beynəlxalq gündəmdən, nəqliyyat-loqistika sahəsində görülən işlərdən, enerji, mədəniyyət və humanitar sahələrdən danışdı. Müsahibə zamanı dövlət başçısı iki ölkə arasındakı əməkdaşlığın möhkəmliyini, gələcək perspektivləri və qarşılıqlı etimadın əhəmiyyətini vurğuladı.

İlham Əliyev müsahibədə bildirdi ki, Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir və qarşılıqlı etimada əsaslanır. Onun sözlərinə görə: “Tarixi qardaşlıq, dostluq və qarşılıqlı dəstək, eləcə də ortaq türk-milli kimlik, oxşar mədəni ənənələr və xalqımızın mənəvi dəyərləri üzərində biz həqiqi strateji və alyans xarakterli partnyorluq qurmuşuq.”

Prezident həmçinin qeyd etdi ki, yüksək səviyyəli dialoq əməkdaşlıq üçün mühüm katalizator rolunu oynayır. Bu çərçivədə hər iki ölkə arasında qarşılıqlı səfərlərin sayı artmaqdadır və strateji əməkdaşlığın hüquqi bazası genişlənir.

Müsahibədə iqtisadi sahədə əməkdaşlığın genişləndiyi və təqdirəlayiq artım dinamikasının müşahidə edildiyi vurğulandı. Qazax kapitalı ilə qeydiyyatdan keçmiş təxminən 250 kommersiya qurumu Azərbaycanda fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 470 milyon ABŞ dolları olmuş, 2025-ci ilin yanvar-avqust dövründə isə 547 milyon dollara çatmışdır.

Prezident İlham Əliyev qeyd etdi ki, nəqliyyat-loqistika sahəsi strateji əhəmiyyət daşıyır və 'Orta Koridor' çərçivəsində tərəflərin birgə işi intensivləşib. 2024-cü ildə tranzit yük həcmi 3,5 milyon tonun üzərinə çıxıb. Qazax neftinin 'Aktau–Ceyhan' marşrutu ilə tranziti barədə razılaşma imzalanıb və illik 1,5 milyon ton həcmində daşınma nəzərdə tutulur.

Azərbaycan və Qazaxıstan xalqları ortaq tarix, dil və mədəniyyətlə birləşir. 2023-cü ildə Azərbaycanda 'Qazax mədəniyyəti günləri', 2024-cü ildə isə Qazaxıstanda 'Azərbaycan mədəniyyəti günləri' keçirilmişdir. Müsahibə zamanı ədəbiyyat və təhsil sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulanıb.

Prezident Xəzər dənizinin səviyyəsinin enməsi və iqlim dəyişiklikləri ilə bağlı narahatlığını ifadə edib. Bu problemin yalnız regional deyil, həm də qlobal səviyyədə diqqət tələb etdiyini bildirib.

Prezident İlham Əliyevin Kazinform agentliyinə müsahibəsi göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri yalnız tarixi qardaşlıq üzərində deyil, həm də strateji, iqtisadi və mədəni əməkdaşlığa əsaslanır. Bu əlaqələr Türk dünyasında inteqrasiyanın və qarşılıqlı etimadın bariz nümunəsidir.

Yeganə Məmmədova,
YAP Xətai rayon təşkilatımım əməkdaşı