Oktyabrın 18-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə müsahibəsi iki qardaş ölkə arasında mövcud olan çoxşaxəli münasibətlərin dərin məzmununu və strateji istiqamətini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının vurğuladığı kimi, siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.
İki ölkə arasında son illərdə intensiv səviyyədə aparılan siyasi dialoq, dövlət başçılarının çoxsaylı qarşılıqlı səfərləri və mütəmadi təmaslar bu münasibətlərin gücünü artırır. Bu, son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana yeddinci səfəridir. Eyni zamanda, dost ölkənin dövlət başçısı Kasım-Jomart Tokayev altı dəfə ölkəmizə səfər edib. Müsbət dinamika prezidentlərin qarşılıqlı etimad və strateji əlaqələrin dərinləşdirilməsinə verdiyi yüksək önəmin göstəricisidir. Belə müntəzəm təmaslar həm ikitərəfli münasibətləri gücləndirir, həm də regional və beynəlxalq gündəlikdə aktual məsələlərin operativ həlli üçün mühüm platforma yaradır. Bütün bunlar Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev müsahibəsində Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşasına görə Qazaxıstana təşəkkürünü ifadə edib. Qardaş ölkə tərəfindən hədiyyə olunan bu mərkəzdə hazırda 100-ə yaxın uşağa təhsil alır və işğaldan azad edilmiş ərazilərdə bərpa olunan mədəni həyatın təntənəsinə çevrilib. Bu fakt iki xalq arasında mədəni-humanitar əməkdaşlığın bariz nümunəsidir.
Azərbaycan–Qazaxıstan münasibətləri 20 il öncə imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə üzərində qurulub. Dövlətimizin başçısı qeyd edib ki, biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu sənədlər əsasında siyasi-iqtisadi, investisiya, mədəni və digər sahələrdə davamlı əməkdaşlıq mexanizmləri formalaşıb. Həmin müqavilə gələcək tərəfdaşlıq üçün möhkəm təməl və etimadın təzahürü kimi dəyərləndirilir.
İki ölkə arasında münasibətlərin institusional əsaslarının möhkəmlənməsində Ali Dövlətlərarası Şura mühüm rol oynayır. Bu Şuranın ilk iclası ötən il Bakıda keçirilib, yaxın günlərdə isə Astanada ikinci iclasın təşkil olunması planlaşdırılır. Sözügedən mexanizm vasitəsilə tərəflər yalnız ikitərəfli əlaqələri deyil, həm də Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və digər beynəlxalq strukturlar çərçivəsində çoxtərəfli əməkdaşlığı koordinasiya edir. Hər iki dövlət beynəlxalq arenada bir-birini dəstəkləyərək ortaq mövqelərin formalaşmasına töhfə verir.
Prezident İlham Əliyev müsahibəsində iqtisadi və ticarət əməkdaşlığın dinamik artımını vurğulayıb. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin ilk səkkiz ayında isə bu rəqəm 547 milyon dollara çatıb, yəni üçqat artım qeydə alınıb. Bu uğurun əsas səbəbi Orta Dəhlizin aktivləşməsi, nəqliyyat-logistika infrastrukturunun müasirləşdirilməsi və biznes dairələri arasında qarşılıqlı etimad mühitinin güclənməsidir.
Hazırda Azərbaycanda 250-yə yaxın Qazaxıstan kapitallı kommersiya strukturu fəaliyyət göstərir. Bu fakt iqtisadi mühitə inamı artırmaqla yanaşı, gələcək birgə investisiya layihələri üçün də güclü zəmin yaradır. İnvestisiya sahəsində tərəflərin fəaliyyəti qarşılıqlı maraqlara əsaslanır. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycana 136 milyon dollar həcmində sərmayə yatırıb. Bu göstəricilər davamlı inkişafa və uzunmüddətli tərəfdaşlığa olan qarşılıqlı marağın bariz sübutudur.
Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan–Qazaxıstan münasibətlərinin strateji nümunələrindən biridir. Aktauda imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” üç ölkənin – Azərbaycan, Qazaxıstan və Türkiyənin Orta Dəhliz üzrə infrastruktur və əməliyyat potensialını sinxron şəkildə inkişaf etdirməsini nəzərdə tutur. Bu sənəd yük axınlarının artırılması, logistika mərkəzlərinin şəbəkələşməsi, vahid tarif siyasətinin formalaşdırılması və nəqliyyat əlaqələrinin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli rol oynayır.
2024-cü ildə tranzit daşımalarının həcmi 3,5 milyon ton olub və bu göstərici əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. Dövlətimizin başçısı vurğulayıb ki, Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.
Azərbaycan və Qazaxıstan arasında rəqəmsal əməkdaşlıq da yeni mərhələyə qədəm qoyub. 2025-ci ilin martında Bakıda imzalanmış Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel layihəsi iki ölkənin informasiya-kommunikasiya sistemlərinin birləşməsini təmin edəcək. Layihənin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır və bu, rəqəmsal dəhlizin yaradılması baxımından strateji addım hesab olunur.
Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan–Qazaxıstan münasibətlərinin Türk dünyasının gələcəyi və Avrasiya məkanının sabitliyi baxımından da mühüm əhəmiyyət daşıdığını göstərir. Bu əlaqələr ortaq dəyərlərə, qarşılıqlı hörmətə və strateji etimada əsaslanır. Qazaxıstan və Azərbaycan bu gün müasir dövrün çağırışlarına adekvat reaksiya verən, iqtisadi və siyasi baxımdan bir-birini tamamlayan iki aparıcı türk dövləti kimi çıxış edir. Dövlətlərarası əməkdaşlığın inkişafı Türk Dövlətləri Təşkilatının güclənməsi, Orta Dəhlizin möhkəmlənməsi və Avrasiyanın iqtisadi xəritəsində yeni strateji reallığın formalaşması baxımından mühüm rol oynayır.
Nurlan Həsənov,
Milli Məclisin deputatı