22 oktyabr 2025 09:21
118

Katolikos özünü niyə gizlədir?

Ermənistanda kilsə ilə dövlətin qarşıdurması davam etməkdədir. Tarixən kilsə şeytan yuvası olub. Hələ XVIII əsrdən başlayaraq külli miqdarda pullar Eçmiədzində yığılır, Azərbaycan ərazilərinin işğalı kimi təcavüzkar planlar orada cızılırdı. O dövrlərdə dövlət başçıları katolikosun xeyir-duası olmadan təyin edilə bilməzdilər. Deməli, katolikos o gücə malik idi ki, keçən bu qədər müddətdə dövlətə qarşı dura bilirdi. Adını dəyişib II Qaregin qoyan Ktriç Nersisyan kimi.

Heç kəsə sirr deyil ki, istefa verməyi ağlına gətirməyən baş keşiş hətta ölkənin baş naziri Nikol Paşinyanın devrilməsinə belə çalışanlardan biridir və bunu əks hərəkətləri ilə sübut edir. Etibarlı mənbələrin məlumatlarına görə, kilsənin varidatı 100 milyard dollardan artıqdır. Ancaq Ermənistan dövlətinin büdcəsində toplanan pulların miqdarı bundan xeyli aşağıdır. Məhz buna görədir ki, II Qaregin qarşısında özündən güclüsünü görmür və dinin qadağan etdiyi, lakin özünün marağında olan kənar fəaliyyətlə də, yəni siyasətlə məşğul olmaqdan çəkinmir. Bu barədə ölkənin ən yüksək kürsülərində də danışırlar.

“Bütün ermənilərin katolikosu II Qaregin fırıldaqçıdır, gizli şəkildə siyasətlə məşğuldur”.

Bu sözləri Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan deyib. Fraksiya rəhbəri irəli sürdüyü ittihamı özünəxas tərzdə əsaslandırıb: “Ktriç Nersisyan (II Qaregin) faktiki olaraq siyasətlə məşğul olur, amma ictimai şəkildə yox. Yaxşı olardı ki, media nümayəndələri ona mətbuat konfransı keçirməyi təklif etsinlər, o da verilən suallara cavab versin və əvvəlcədən hazırladığı bəyanatları yox, canlı efirdə öz fikirlərini bildirsin.

Siyasət açıq fəaliyyət sahəsidir. Siyasətlə məşğul olub, kilsənin arxasında gizlənmək dürüstlük deyil, fırılaqçılıqdır. Qoy canlı efirdə mətbuat konfransı keçirsin, insanlara müraciət etsin və xalqın suallarını dinləsin. Axı İsa Məsih də insanların arasına çıxır, Tanrının sözünü təbliğ edir və hətta fariseylərin sərt, tikanlı suallarına cavab verirdi.

Qoy Ktriç Nersisyan da xristian kimi davransın, bu, mümkünsüz bir şeydirmi? Nəyi gizlətmək istəyir?”

Bəlkə də Hayk Konçoryan hələ bilmir ki, katolikosun bütün həyatı müəmmalar içindədir. Ancaq adı bir neçə murdar işdə hallanan “din xadimi”nin xarici ölkə nəfinə casusluqda da çəkilir. Od olan yerdən tüstü çıxar-deyiblər. Ancaq özbaşınalıq edən baş keşiş peyğəmbəri İsa Məsihin də, xristian dininin də tələb və qadağalarını vecinə almır, “Ağanəzərəm, belə gəzərəm”-deyir.

Yetmiş dörd yaşlı katolikosun sirlərlə dolu həyatı artıq Ermənistanda təəccüb və maraq yaradıb. Keçən müddətdə bu adam özünü cəmiyyətdən necə gizlədib? Əvvəl dini qanunları pozaraq ailə qurmasını, bir qızının olmasını, milyonlarla dəyəri olan mülklərə sahiblik etməsini istəyirdisə onda gərək ailə qurmayaydı. Yəni, o postu tutan ruhani gözünü dünya malından çəkməli, ona qoyulmuş dini qadağanlarla ömür sürməli, xəyanətə qurşanmamalı, günlərini İsaya ibadətdə keçirməlidir. Nəfsinə hakim kəsilməyi bacarmırsa, onda belə “yükün” altına girməməlidir. Xristianlıqda qayda var: abbat həyatını qəbul edən dindara kefcil həyat yaşamaq haramdır, yəni “bir əldə iki qarpız tutmaq” olmaz. Ancaq xaricdəki havadarlarına və pulunun çoxluğuna güvənən baş keşiş dövlətə qarşı çıxmaqdan belə çəkinmir, paytaxtda və bölgələrdə hakimiyyətə qarşı mitinqlər, piketlər, küçə yürüşləri təşkil edir, ke.i.ləri avtomatla silahlandırır, gözü qızdığından hətta baş nazirə də buynuz atır. Revanşistlərlə daşnakları başına yığıb gələcək dövlət çevrilişinə hazırlayır. Təlimat isə xaricdən hazır göndərilir. Ancaq katolikos bunların hamısını pərdəarxasından görür. Şübhəsiz ki, vəziyyət uzun müddət belə davam edə bilməz. Günlərin birində Ktriçin də buynuzunu sındıran tapılacaq.

Bugünlərdə baş nazir Nikol Paşinyan “Cinayət əməli törədən ruhanilər tutulub istintaqa cəlb olnacaqlar” deyəndə katolikosu nəzərdə tutub. O, bildirib ki, kim olursa-olsun, dövlət əleyhinə cinayət törədirsə cəzalandırılmalıdır. Deyəsən fırıldaqçı Ktriçin qiyaməti yaxınlaşır. Cəhənnəmə yaxşı yol, keşiş Ktriç.

Vəli İlyasov, “İki sahil”