22 oktyabr 2025 10:59
133

Azərbaycanla Qazaxıstan arasında əlaqələr yüksək dərəcədə qarşılıqlı etimad ilə xarakterizə olunur

Son illərdə Azərbaycan ilə Qazaxıstan arasında ortaq səylər nəticəsində münasibətlər daha açıq və hərtərəfli xarakter daşıyır. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Dövlət başçılarının rəsmi qarşılıqlı səfərləri, eləcə də Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə münasibətlərin yüksələn xətlə inkişafının təzahürüdür. Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələrini misal göstərmək olar. Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər. Ortaq köklər, yaxın dillər, oxşar mədəniyyətlər xalqları bir-birinə bağlayır.      

Azərbaycan-Qazaxıstan münasibətləri müstəqilliyin ilk illərindən etibarən qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Bu illər ərzində formalaşan siyasi dialoq qarşılıqlı etimad, dostluq və dəstək üzərində möhkəmlənmişdir.

Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibədə vurğulamışdır: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.

Bu əməkdaşlıq, ilk növbədə, türkdilli dövlətlər arasında həmrəyliyin, Türk Dövlətləri Təşkilatının və digər ortaq platformaların möhkəmlənməsinə də böyük töhfə verir. İki ölkə arasında imzalanmış çoxsaylı sənədlər - o cümlədən, “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə” - siyasi əlaqələrin institusional bazasını formalaşdırmışdır. Bu sənədlər dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldərək, əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmişdir.

Azərbaycan və Qazaxıstan liderləri arasında həyata keçirilən mütəmadi görüşlər, qarşılıqlı dövlət səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq bu tərəfdaşlığın dinamik və sabit xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər “sadəcə diplomatik əlaqələr deyil, qardaşlıq və qarşılıqlı dəstək münasibətləridir”.
Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.

Bu gün dünyada baş verən proseslər bizə münasibətləri dərinləşdirmək üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edirik. Səfər zamanı dövlət başçıları geniş müzakirələr aparıblar. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Ötən il Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi tarixi hadisə oldu. Bu dəfə isə Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi.  Prezident İlham Əliyevin dediyi kimi, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”. Liderlərin görüşündə və mətbuata bəyanatında Cənubi Qafqazda sülhün əldə edilməsinin önəmi də vurğulanıb. Prezident İlham Əliyev vacib bir məqamı da qeyd etdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.

Bu gün Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, türk dünyasında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsidir. Füzuli rayonunda “Qazaxıstan-Azərbaycan Dostluq Məktəbi” kimi layihələr bu münasibətlərin dərin mənəvi mahiyyətini, xalqlarımız arasındakı sarsılmaz dostluğun və qardaşlığın parlaq təzahürüdür. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Anar Məmmədov,

Milli Məclisin deputatı