“Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı baş verən son hadisələr bir daha sübut etdi ki, biz xalq olaraq Prezidentimizin ətrafında daha sıx birləşməli, dövlətimizi mümkün təhlükələrdən qorumaq üçün ciddi həmrəylik sərgiləməliyik”.
“İki sahil” xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ramiz Mehdiyev olayı göstərdi ki, nəinki ölkəmizin xaricində, hətta ölkə daxilində belə dövlətimizi istəməyən, dövlətçiliyimizi sarsıtmaq üçün qüvvələr mövcuddur və bu qüvvələr aktiv fəaliyyətdədir. Həmin qüvvələr öz çirkin məqsədlərini həyata keçirmək üşün kənar dövlətlərlə belə təmaslar qurmağa, onlardan dəstək almağa çalışır.
Biz gələcəkdə bu kimi halların qarşısını almaq, bu qüvvələrin anti-milli, anti-dövlət fəaliyyətini vaxtında əngəlləmək üçün daim ayıq-sayıq olmalı, eyniylə 44 günlük Vətən müharibəsində olduğu kimi hər an dövlətimizin, Prezidentimizin yanında olmalıyıq. Anlamalıyıq ki, dövlətimizin gələcəyi, xalqımızın təhlükəsizliyi sadəcə dövlət qurumlarından deyil, həm də bizim hər birimizdən asılıdır və biz vətəndaş olaraq bu məsələdə əlimizdən gələni əsirgəməməliyik”.
Polkovnik, Ramiz Mehdiyevlə bağlı yaşananların Azərbaycan dövlətinin gücü baxımından da bir sıra mühüm həqiqətləri ortaya çıxardığını bildirdi:
“Ramiz Mehdiyev olayı sübut etdi ki, Azərbaycan dövləti, onun hüquq-mühafizə orqanları kifayət qədər güclüdür və bu kimi təxribatların vaxtında de-şifrə edilməsini təmin edə bilir. Sabiq administrasiya rəhbəri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin ortaya qoyduğu peşəkarlıq buna nümunədir.
Azərbaycan xalqına, Azərbaycan dövlətinə düşmən olan, bu xalqın, bu dövlətin çörəyini yeyə-yeyə onun məhvinə çalışan hər kəs bilməlidir ki, onların hamısının sonu acınacaqlı olacaq. Onların hamısının gizli fəaliyyəti aşkara çıxarılacaq və bu şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Bu məsələdə hər bir azərbaycanlı dövlətimizə, əlaqədar dövlət qurumlarına dəstək verməli, anti-Azərbaycan mahiyyətli ən xırda fəaliyyətin belə qarşısını qətiyyətlə almalıdır. Dövlətimizin təhlükəsizliyi, xalqımızın rifahı bizdən məhz bunu tələb edir”.