22 oktyabr 2025 09:47
74

Qubadlı yeni inkişaf mərhələsində

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir.
Rayonun ərazisi dağlıq və dağətəyi relyefə malik olmaqla, zəngin təbii sərvətləri, füsunkar təbiəti, münbit torpaqları və qədim yaşayış məskənləri ilə tanınır. Qubadlının coğrafi mövqeyi strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Rayon Zəngilan, Laçın, Cəbrayıl və Xocavənd rayonları ilə həmsərhəddir və bu, onu Qarabağ bölgəsinin əsas əlaqə nöqtələrindən birinə çevirir.

Qubadlı tarixi və mədəni irsi ilə seçilən qədim bir diyardır. Tarixi mənbələrdə bu ərazidə insanların min illərdir yaşadığı qeyd olunur.
Burada aşkar edilmiş arxeoloji tapıntılar və qədim yaşayış yerləri Qubadlının qədim sivilizasiya mərkəzlərindən biri olduğunu sübut edir.
Xalq arasında rəvayətlərə görə, Qubadlı adı qədim türk mənşəli Qubad tayfasının adından yaranmışdır. Rayon ərazisində yerləşən abidələr, məscidlər, körpülər və qəbiristanlıqlar bu torpağın tarixinin çoxəsrlik köklərə dayandığını göstərir.

XX əsrin sonlarında Qubadlı faciəli hadisələrə şahidlik etdi. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri Qubadlı rayonunu işğal etdi.
Nəticədə, 30 mindən çox qubadlılı öz doğma torpağından didərgin düşdü. Rayonun kəndləri, sosial obyektləri, məktəbləri və mədəniyyət ocaqları dağıdıldı, tarixi abidələr vandalizmə məruz qaldı. Lakin xalqımız Qubadlının azad olunacağı günə olan ümidini heç vaxt itirmədi.

Hər bir Qubadlı sakini doğma yurduna qayıdacağı günü səbirsizliklə gözlədi.  Nəhayət, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlı rayonunu işğaldan azad etdi. 25 oktyabr 2020-ci il tarixdə Qubadlı şəhərinin azad edilməsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni bir parlaq səhifə kimi daxil oldu. Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsi yaratdı, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Qubadlının azad edilməsi təkcə hərbi uğur deyil, həm də milli birliyin, vətən sevgisinin və ədalətin təntənəsi idi.

Qubadlı rayonunun yeni inkişaf tarixi məhz bu dövrdən – 2020-ci ildən sonra başlayır. Azərbaycan dövləti azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verdi. Qubadlıda müasir infrastruktur layihələri həyata keçirilir: yeni yollar, körpülər, məktəblər, tibb müəssisələri, sosial obyektlər və yaşayış kompleksləri inşa olunur. Rayonun baş planı təsdiqlənmiş, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur.
İşğal dövründə məhv edilmiş kəndlərin bərpası istiqamətində ardıcıl layihələr həyata keçirilir.

“Böyük Qayıdış” proqramı çərçivəsində artıq Qubadlıya ilk sakinlərin qayıdışı reallaşır. Qayıdan ailələr üçün zəruri infrastruktur – su, elektrik, qaz, rabitə və internet təminatı yaradılıb. Rayonun ərazisində kənd təsərrüfatının, xüsusən də heyvandarlığın və bağçılığın inkişafı üçün geniş imkanlar mövcuddur.
Qubadlı torpaqları təbii və iqlim şəraiti baxımından məhsuldar sahələrin bərpası üçün əlverişlidir. Bu istiqamətdə dövlətin dəstəyi ilə yeni təsərrüfatlar, istixanalar və emal müəssisələri qurulur. Qubadlıda eyni zamanda ekoturizm və mədəni turizm üçün də geniş perspektivlər yaranır.  Təbii mənzərələri, dağ çayları, meşə massivləri və tarixi abidələri ilə bu bölgə gələcəkdə turizm mərkəzlərindən birinə çevriləcəkdir. Bununla yanaşı, Qubadlı şəhərinin simvolu olan “Qayıdış Zəfər Kompleksi”nin inşası planlaşdırılır ki, bu da həm qələbə rəmzi, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcəkdir.  Bu gün Qubadlı rayonu yalnız bərpa dövrünü yaşamır, həm də Azərbaycanın müasir inkişaf modelinin təcəssümüdür. Burada həyata keçirilən layihələr Prezident İlham Əliyevin “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl guşələri olacaq” fikrinin real təzahürüdür. Qubadlıda aparılan quruculuq işləri, sakinlərin yurdlarına dönüşü və sosial rifahın yüksəldilməsi dövlətin xalqına olan qayğısının bariz nümunəsidir.

Qubadlı rayonunun yeni inkişaf tarixi dövlətimizin gücü, xalqımızın birliyi və azadlıq sevgisi üzərində qurulub. Bu gün burada ucalan hər bir bina, çəkilən hər bir yol, salınan hər bir ağac həm də şəhidlərimizin ruhuna ehtiramın ifadəsidir. Qubadlı artıq işğal illərinin yaralarını sağaltmaqla yanaşı, gələcəyə inamla addımlayır. Əminliklə demək olar ki, yaxın illərdə Qubadlı regionun ən müasir və inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcəkdir.

Beləliklə, Qubadlı rayonunun yeni inkişaf tarixi Azərbaycan xalqının iradəsinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin parlaq nümunəsidir.
Bu torpaqlarda həyat yenidən qaynayır, insan nəfəsi, uşaq gülüşü və quruculuq əzmi Qubadlının gələcəyini işıqlandırır.

Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatıın fəalı