İlk növbədə şəhərə hakim olan yüksəkliklər nəzarətə götürülərək ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq və strateji yüksəkliklər azad edildi. Oktyabrın 25-də isə müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının işğalçılardan xilas edilməsi üçün döyüş əməliyyatları bir neçə gün davam etdi. Bu şəhərdə də güclü düşmən istehkamları, müdafiə sədləri var idi. Qubadlının Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Alaqurşaq kəndləri oktyabrın 23-də düşməndən təmizlənmişdi. Oktyabrın 25-də isə rayonun 8 kəndi ilə bərabər, Qubadlı şəhəri də işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi qələbəmizi daha da yaxınlaşdırdı. Bu müjdəli xəbəri də Prezident İlham Əliyev xalqa çatdırdı. Noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi düşmən tapdağından xilas edildi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva torpaqlarımız işğaldan azad edildikdən sonra - 2020-ci il dekabrın 23-də Qubadlıya səfər etdilər. Dövlət başçısı o zaman Azərbaycanın igid oğullarının burada həyata keçirdikləri döyüş tapşırıqlarından danışdı: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik”.
Qubadlını düşməndən təmizləmək asan deyildi. Ekspertlər də qeyd edirlər ki, bu rayonda da düşmən istehkamı güclü idi və onlar rayonun əldən çıxmaması üçün çalışırdılar. Bununla belə rəşadətli ordumuzun igid oğulları verilmiş tapşırığı yerinə yetirərək, Qubadlını işğaldan azad etdilər.
Qələbədən danışarkən, ilk növbədə, şəhidlərimizin xatirəsini yad etməliyik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq, Azərbaycan xalqının, indiki nəsli və gələcək nəsilləri həmişə şəhidlərimizlə fəxr edəcək. Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il və 24 iyun 2021-ci il tarixli sərəncamlarına əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Silahlı Qüvvələrin 15209 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.
Artıq Qubadlı şəhərində və bir sıra kəndlərdə bərpa işlərinin təməli atılıb. İşğal dövründə Qubadlı şəhəri də demək olar ki, yerlə-yeksan edilib. Amma qürurvericidir ki, möhtəşəm quruculuq işlərinə start verilib. Dövlətimizin başçısı İlham Əliyev Baş plan hazırlanarkən Qubadlının təbiətinin, tarixi keçmişinin nəzərə alınması barədə tapşırıq verib. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib. Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Ortamərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Növbəti 20 il ərzində şəhər ərazisinin əhali sayının 14 min nəfərə çatdırılması, Qubadlıda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı nəzərdə tutulur. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə edilərək yaşıl şəhər yaradılacaq.
Anar Məmmədov,
Milli Məclisin deputatı