Geniş Avrasiya regionu XXI əsrin geosiyasi və iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən strateji bir məkandır. Bu geniş coğrafi areal Avropa ilə Asiya arasında yerləşərək, təkcə nəqliyyat-kommunikasiya baxımından deyil, həm də enerji, ticarət, təhlükəsizlik və mədəniyyət sahələrində qlobal proseslərə təsir göstərən bir region kimi çıxış edir. Son illərdə həyata keçirilən çoxşaxəli layihələr, regional inteqrasiya təşəbbüsləri və beynəlxalq əməkdaşlıq formatları sayəsində Cənubi Qafqaz və Mərkəzi Asiya getdikcə daha sıx şəkildə bir-birinə bağlanır. Bu iki region arasında formalaşan yeni əlaqə xəttləri Geniş Avrasiya məkanında vahid iqtisadi-siyasi sistemin yaranmasına zəmin yaradır.
Avrasiyanın geoiqtisadi mərkəzlərindən biri kimi çıxış edən Mərkəzi Asiya, zəngin enerji ehtiyatları, strateji nəqliyyat dəhlizləri və artan iqtisadi potensialı ilə qlobal iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilmişdir. Cənubi Qafqaz isə Avrasiya qitəsində enerji və kommunikasiya körpüsü rolunu oynayır. Azərbaycan, Gürcüstan və Ermənistanın yer aldığı bu region Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyalarının keçdiyi strateji məkandır. Xüsusilə Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri – Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Cənubi Qafqazı Mərkəzi Asiya ilə sıx əlaqələndirmişdir.
Son onillikdə Avrasiya regionunda həyata keçirilən iri miqyaslı infrastruktur layihələri, o cümlədən Orta Dəhliz (Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutu), bu inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu layihə Çini, Qazaxıstanı, Xəzər dənizi vasitəsilə Azərbaycanı, Gürcüstanı, Türkiyəni və daha sonra Avropanı birləşdirir. Nəticədə, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq təkcə qonşu regionlar deyil, həm də vahid nəqliyyat-iqtisadi sistemin komponentləri kimi çıxış edir. Bu dəhliz enerji təhlükəsizliyinin təmin olunmasına, logistikanın inkişafına və
regional iqtisadi asılılıqların azaldılmasına mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursu bu istiqamətdə xüsusi önəm daşıyır. Azərbaycan regionda sabitlik, dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan bir siyasət yürüdür.
Bu siyasətin nəticəsi olaraq, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə, xüsusilə Qazaxıstan, Türkmənistan və Özbəkistanla
strateji tərəfdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmişdir. Enerji, logistika, ticarət və humanitar sahələrdə imzalanan
müqavilələr Geniş Avrasiya məkanında inteqrasiyanın praktik təzahürüdür.
Mərkəzi Asiya ölkələri üçün də Cənubi Qafqaz mühüm tərəfdaş kimi çıxış edir. Qazaxıstanın liman və dəmir yolu infrastrukturunun Azərbaycanın Ələt Beynəlxalq Dəniz Limanı ilə inteqrasiyası Xəzər dənizi hövzəsində yeni iqtisadi dinamikaya səbəb olmuşdur. Bu proses “yaşıl iqtisadiyyat”, rəqəmsal transformasiya və yeni enerji mənbələrinin istifadəsi kimi müasir çağırışlara cavab verən birgə təşəbbüslərlə müşayiət olunur. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında artan əlaqələr həm də türk dünyasının iqtisadi və mədəni inteqrasiyasının dərinləşməsinə xidmət edir.
Türk Dövlətləri Təşkilatının fəaliyyəti bu baxımdan strateji çərçivə rolunu oynayır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bu təşkilat vasitəsilə regional iqtisadiyyatların harmonizasiyasına, enerji bazarlarının inteqrasiyasına və vahid nəqliyyat strategiyasının formalaşdırılmasına yönəlmiş addımlar atırlar.
Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni birlik platforması deyil, həm də Geniş Avrasiya regionunda dayanıqlı inkişaf və geoiqtisadi əməkdaşlıq modeli kimi formalaşmaqdadır. Bu kontekstdə, Cənubi Qafqaz və Mərkəzi Asiyanın birləşməsi qlobal sistemdə türk dünyasının geosiyasi çəkisini artırır.
Qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər – enerji bazarlarında rəqabət, ticarət marşrutlarının dəyişməsi və yeni iqtisadi blokların formalaşması – Avrasiya regionunun rolunu daha da artırır. Çin, Avropa İttifaqı, Türkiyə, Rusiya və Hindistan kimi güclərin maraqlarının kəsişdiyi bu məkanda balanslı siyasət yürütmək və çoxtərəfli əməkdaşlıq mexanizmləri yaratmaq region ölkələrinin strateji məqsədlərinə çevrilmişdir.
Bu baxımdan Azərbaycan və Qazaxıstan kimi dövlətlərin təşəbbüsləri yalnız milli maraqlara deyil, həm də ümumregional sabitliyə xidmət edir. Bununla yanaşı, mədəni və humanitar əlaqələr də Cənubi Qafqaz–Mərkəzi Asiya inteqrasiyasının mühüm tərkib hissəsidir. Təhsil proqramları, tələbə mübadiləsi, elmi əməkdaşlıq və ortaq mədəni irsin qorunması istiqamətində görülən işlər xalq diplomatiyasını gücləndirir. Bu amil inteqrasiyanın sosial dayaqlarını möhkəmləndirərək uzunmüddətli əməkdaşlığın sabitliyini təmin edir. Eyni zamanda, türk dünyasının ortaq kimliyinin təbliği, milli-mənəvi dəyərlərin qorunması və mədəni irsin birgə təqdimatı Avrasiya məkanında vahid humanitar məkanın formalaşmasına gətirib çıxarır. Geniş Avrasiya regionu ilə bağlı həyata keçirilən layihələr Cənubi Qafqaz və Mərkəzi Asiyanı getdikcə daha sıx şəkildə bir-birinə bağlayır. Artıq bu regionlar çox hallarda vahid coğrafi və iqtisadi məkan kimi çıxış edir. Azərbaycan və Qazaxıstanın təşəbbüsləri, Türk Dövlətləri Təşkilatının fəaliyyəti və Orta Dəhliz kimi
layihələr bu inteqrasiyanın strateji sütunlarını formalaşdırır. Avrasiyanın gələcəyi məhz bu əməkdaşlıq modelinə, qarşılıqlı etimada və birgə inkişaf fəlsəfəsinə əsaslanır. Cənubi Qafqaz və Mərkəzi Asiyanın birləşməsi təkcə regionun iqtisadi potensialını deyil, həm də onun qlobal siyasətdəki rolunu artıran mühüm proses kimi tarixə düşməkdədir.
Nəbi Sadıqov,
YAP Xətai rayon təşkilatının fəalı