24 oktyabr 2025 12:06
114

Tarixi Zəfər işığında Böyük Qayıdış təntənəsi

25 oktyabr xalqımızın müasir tarixində qürurla qeyd olunan günlərdən biridir. Məhz bu tarixdə Qubadlı şəhərinin işğaldan azad olunması 44 günlük Vətən müharibəsində həlledici mərhələlərdən birinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu göstərdiyi peşəkarlıq və qəhrəmanlıq sayəsində Qubadlıya yenidən həyat bəxş edib.

Qubadlı rayonu ölkənin cənub-qərbində, Qarabağ yaylasının cənub-şərq hissəsində yerləşir. 802 kvadrat kilometr ərazisi ilə regionun strateji coğrafi nöqtələrindən biri sayılır. Ərazidən axan Həkəri və Bərgüşad çayları kənd təsərrüfatının və ekoloji sistemin inkişafında mühüm rol oynayır. Rayon həm də təbii sərvətləri ilə seçilir, mərmər, əhəng daşı, yəşəm, tuf və digər tikinti materialları ehtiyatı Qubadlının iqtisadi potensialını formalaşdırır.

1988-ci ildən başlayan hərbi təcavüz nəticəsində Qubadlı rayonu 1993-cü il avqustun 31-də işğal olundu. Minlərlə ailə doğma yurdlarından didərgin düşdü, 94 yaşayış məntəqəsi, 7278 ev, 148 sosial obyekt, 7 məscid və yüzlərlə infrastruktur qurğusu dağıdıldı. İşğal dövründə rəsmi İrəvan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirdi, xaricdən gətirilən erməniləri Qubadlının Xanlıq kəndində salınan qəsəbədə yerləşdirdi. Bu qanunsuz addımlar beynəlxalq hüquqa, xüsusilə də Cenevrə Konvensiyalarına zidd olmaqla, işğalın cinayətkar mahiyyətini bir daha nümayiş etdirdi.

2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əks-hücum əməliyyatı Qubadlının azad olunması ilə mühüm mərhələyə qədəm qoydu. Şəhərin alınması uğrunda aparılan döyüşlər çətin relyef şəraitində, yüksək dağlıq mövqelərdə aparılırdı. Şanlı ordumuz əvvəlcə strateji yüksəklikləri nəzarətə götürdü, ardınca Xanlıq, Padar və Sarıyataq kəndləri azad edildi. Oktyabrın 25-də Qubadlı şəhərinin tam azad edilməsi 44 günlük müharibədə tarixi dönüş nöqtəsi oldu. Bu Zəfər Sliahlı Qüvvələrimizin rəşadətinin, dövlətin iradəsinin və xalqın birliyinin təntənəsi idi.

Qubadlı uğrunda döyüşən hərbçilərin igidliyi dövlət səviyyəsində yüksək dəyərləndirildi. 2020-ci il noyabrın 26-da təsis edilən “Qubadlının azad olunmasına görə” medalı 15 mindən çox hərbi qulluqçuya təqdim olundu. Bu addımlar döyüş şücaətinin, milli qürurun təntənəsidir.

İşğaldan azad olunmuş şəhərlərin dirçəlişi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olunub.

Qubadlıda bərpa və yenidənqurma prosesi geniş vüsət alıb. Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” bu diyarın gələcək sosial-iqtisadi inkişafının strateji yol xəritəsini müəyyənləşdirir. Mahruzlu və Zilanlı kəndlərində aparılan tikinti işləri artıq Böyük Qayıdışın real başlanğıcını nümayiş etdirir. Mahruzluda 190 ev, Zilanlıda isə 159 evin inşası planlaşdırılıb, bu layihələr minlərlə sakinin doğma torpaqlarına qayıdışını təmin edəcək.

Qubadlı rayonunun bərpa prosesində nəqliyyat infrastrukturu xüsusi yer tutur. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 28,5 kilometr uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir. 2023-cü il sentyabrın 5-də dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncama əsasən, yeni Qubadlı–Laçın avtomobil yolunun tikintisinə 20 milyon manat vəsait ayrılıb.

Bu gün Qubadlıda həyat yenidən canlanır, tikilən yollar, müasir evlər, sosial obyektlər və yeni infrastrukturlar doğma yurda qayıdan insanların rifahına, regionun dayanıqlı inkişafına xidmət edir. Qubadlı milli iradənin, bərpa ruhunun və gələcəyə inamın bir təzahürüdür. Burada atılan hər bir addım parlaq gələcəyə ehtiramın ifadəsidir.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı