24 oktyabr 2025 17:35
121

Abşeron rayonunda ödəmə terminalından oğurluq edən və narkotik vasitə satmaq istəyən şəxslər saxlanılıblar

Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilov və 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazır qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsin Xırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16 kiloqram, o cümlədən 7 kiloqram heroin, 4 kiloqram metamfetamin, 5 kiloqram marixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.

Elvin Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.