Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə minnətdarlığını bildirib
Prezident İlham Əliyev Qazaxıstana səfəri zamanı Prezident Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Dövlət başçısı qeyd edib ki, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: “Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Rəsmi İrəvan Azərbaycan Prezidentinin Ermənistana məhsul daşınmasına məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını alqışlayır. Bildirilir ki, bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Vaşinqton razılaşmaları əsasında Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması baxımından böyük məna daşıyır. Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib: “Prezident İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan Prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı bildirmək istərdim”. N.Paşinyan, həmçinin qeyd edib ki, Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq qərarı ölkənin tədricən blokadadan çıxması deməkdir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, uzunmüddətli qanlı münaqişədən sonra Azərbaycan və Ermənistan arasında sülh bərqrəar olub: “Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub, bu, uzun illər davam edən qan tökülməsi, zorakılıq, insan tələfatı, köçkünlük və dərin travmalarla dolu münaqişəyə son qoydu. Hazırda hər iki ölkə barışığın çətin yolundan keçərək sülhü institusional əsasda möhkəmləndirmək və münasibətləri tənzimləmək üzərində çalışır. Əsas odur ki, bu gün bərqərar olan sülh vasitəsilə gələcəkdə bu cür çətinlikləri, itkiləri aradan qaldırmağa və qarşısını almağa çalışırıq. Bu itkilərin qarşısının alınmasının açarı-yeganə yolu sülhdür”.
Ermənistanda radikal-revanşist qüvvələrdən fərqli olaraq sağlam düşüncəli kəsim Azərbaycanın bu ölkəyə yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır və təşkəkkür edirlər. Erməni kartoqraf Ruben Qalçyan məsələni şərh edərək bildirib ki, Azərbaycanın bu addımı təqdirəlayiqdir və bu, alternativə malik olacağımız deməkdir. O, həmçinin məhdudiyyətlərin qalxmasından sonra Ermənistanın yalnız Gürcüstan üzərindən keçən yoldan asılı olmayacağını vurğulayraq deyib: “Əlbəttə, bu, təqdirəlayiq və mühüm addımdır. İndi Azərbaycan Ermənistan üçün alternativdir. Çünki Ermənistan bir yoldan -Larsdan (Gürcüstandan Rusiyaya gedən dağlıq yol - red.) asılı idi”.
R.Qalçyan Zəngəzur dəhlizinin (TRİPP) açılması məsələsinə də toxunub: “TRİPP həyata keçsə, dünyaya açılacağıq. Rusiya isə Ermənistandan keçən mühüm yola nəzarəti itirəcəyi üçün belə demək mümkünsə, pərişandır. Bizim müxalifət də Moskvanın maraqları kontekstində çıxış etdiyinə görə TRİPP-dən şikayətlənir”.
Avrasiya üzrə macar ekspert Attila Harqitai bildirib ki, bu gün Azərbaycan regionun gələcəyi üçün öz məsuliyyətini dərk edən dövlət nümunəsini nümayiş etdirir: “Tranzit məhdudiyyətlərinin götürülməsi zəiflik deyil, güc və inamın təzahürüdür. Bu cür qərarlar ölkənin beynəlxalq nüfuzunu gücləndirir, qonşular arasında münasibətlər üçün yeni format yaradır. Qazaxıstandan Ermənistana Azərbaycan üzərindən taxıl tranzitinin təsdiqlənməsi təkcə iqtisadi hadisə deyil, həm də strateji siqnaldır”.
Göründüyü kimi, Azərbaycan regionda sülhün, əmin-əmanlığın bərəqrara olunması üçün gərəkli addımlar atır. Ermənistan da ölkəmizlə münasibətləri normallaşdırmaq, sülh prosesini irəli aparmaq üçün ciddi səy göstərsə digər məhduddiyyətlər də aradan qalxacaq. Ən əsası odur ki, artıq Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra regionda sülh və etimad mühitinin formalaşdırılması istiqamətində mühüm bir mərhələ başlayıb. Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilməsi bu istiqamətdə adtılan ilkin addımlardan biridir. Təbii ki, görüş yalnız siyasi səviyyədə deyil, ictimai səviyyədə də etimad quruculuğunun vacibliyini göstərir. Həmçinin iki ölkənin öz təşəbbüsləri ilə xarici müdaxilələr olmadan sülh yolunda atdığı ciddi addım kimi diqqət çəkir. Azərbaycan və Ermənistan arasında aparılan bu cür danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi və etimad tədbirlərinin təşkili, regionda dayanıqlı sülh üçün vacib şərtdir. Bakı ilə İrəvan arasında həyata keçirilmiş ilk çarter reysi sülh prosesinin praktik göstəricisi kimi gündəlik həyatla etimad quruculuğu tədbirlərini birləşdirir və iki xalq arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir.
Zahid Rza, “İki sahil”