25 oktyabr 2025 11:37
125

Azərbaycanda ilk dəfə meyitdən orqan köçürülməsi həllini gözləyən bəzi məsələləri ortaya çıxarıb

Azərbaycanda ilk dəfə meyitdən orqan köçürülməsi bəzi yeni məsələlərin və yeni çalışmağa ehtiyac duyulan istiqamətlərin ortaya çıxmasına səbəb olur. Bunların həlli yolları tapılmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov "Regionda ilk: Meyitdən orqan nəqli. Uğurlu təcrübədən gələcəyə doğru" beynəlxalq elmi konfransda deyib.

O qeyd edib ki, vəfat etmiş donorun tibbi və şəxsi məlumatlarının məxfi saxlanılması ən vacib məsələlərdən biridir:

"Həmçinin, donor orqanlarının beyin ölümü qeydə alınmış xəstəxanada götürülməsinin mümkünlüyü, meyit donor orqanlarının transplantasiya işinin bölgələrdə inkişaf etdirilməsi vacib məsələlərdir. Xidmətlər zərfində canlı donordan və meyitdən alınan orqan transplantasiyası əməliyyatlarının qiymətinin fərqləndirilməsi, eləcə də bu əməliyyatlar zamanı təcrübə çatışmazlıqlarının və inzibati maneələrin aradan qaldırılması üçün işlək mexanizmlərin yaradılması kimi məsələləri də qeyd etmək istəyirəm.

Ümid edirəm ki, bu konfransda meyitdən orqan transplantasiyası ilə bağlı bir çox məsələlər müzakirə ediləcək, problemlərin həlli istiqamətində irəliləyişlər əldə olunacaq".