KÖŞƏ

Taleh Turqut

ABŞ-ın “ağ demokratları” və “qara seçiciləri”

15 noyabr 2016 00:04
420

ABŞ-ın “ağ demokratları” və “qara seçiciləri”: eybəcərləşdirilmiş demokratiya

Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərindən bir həftə ötsə də seçki prosesində baş verənlər hələ də dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Təkcə ona görə yox ki, ABŞ dünyanın super dövlətidir və burada baş verənlərin diqqətdə saxlanılması təbiidir. Həm də ona görə ki, bütün dünyaya özünü “demokratik prinsiplərin öyrədilməsi” ilə məşğul olan “demokratiya müəllimi” kimi sırımağa çalışan ölkənin özündə demokratik dəyərlərin nə qədər bərbad və acınacaqlı durumda olması bir daha ifşa oldu...

Xüsusilə, ABŞ-ın seçki prosesindəki qəribəliklər və mürəkkəb mexanizm hələ də anlaşılması çətin olan məsələdir. 

Seçkidən əvvəl bütün siyasi ekspertlər və institutlar ABŞ demokratlarının təmsilçisi Hillari Klintonun qalib gələcəyini proqnozlaşdırırdılar və bunda, demək olar ki, qəti əminlik hiss edilirdi. Lakin hər kəs proqnozunda yanıldı və qutudan respublikaçıların namizədi Donald Tramp “çıxdı”.

Seçki prosesində baş verən eybəcərliklər və inanılmaz saxtakarlıqlar mediada yayıldıqdan sonra bu gözlənilməz “sürprizin” səbəbi aydın olur. Qəribədir ki, nəticələrin elan olunmasınadək keçən dövrdə Tramp və onun tərəfdarları seçki saxtakarlıqlarının baş verməsindən şikayətçi olsalar da sonda onlar qalib gəldilər. Həqiqətən də ortaya çıxarılan faktlar göstərir ki, bir sıra qurumlar səsvermə prosesində H. Klintonun xeyrinə əməlli başlı “işləyirmişlər”.

İlk növbədə onu qeyd edək ki, seçki prosesi olduqca qeyri-tolerant şəraitdə və təzyiq ritorikası ilə keçib. Amerikalı seçici Devid Dreyn mətbuata bildirib ki, o istədiyi namizədə səs versə də nədənsə səsi başqa namizədə hesablanıb. Eyni şikayətlə seçici Bobbi Li Voranko  da çıxış edib. Belə seçicilərin sayı kifayət qədərdir. Onların səsləri səsvermə maşınlarında başqa namizədin xeyrinə hesablanıb. Lakin məsul orqanlar bu halları “texniki problem” hesab edərək üzərində durmayıblar. Onu da vurğulayaq ki, belə pozuntular əsasən, Pensilvaniyanın Klinton qəsəbəsində qeydə alınıb. Ümumilikdə isə 25 seçki bölgəsində eyni problemlər müşahidə olunub.

Digər “qeyri-adi” fakt ondan ibarətdir ki, ABŞ seçicilərinin, nə az, nə çox-düz 35 milyon nəfəri səsvermə üçün qeydiyyatdan keçə bilməyiblər. Əlavə olaraq 4 milyon xaricdə yaşayan ABŞ vətəndaşı və 6 milyon nəfər cəzaçəkmə müəssisələrində olan amerikalılar səsvermə hüququndan istifadə edə bilməyiblər. Bütün bunlar ATƏT-in müşahidə missiyasının hesabatında öz əksini tapıb.

Yeri gəlmişkən, seçkinin müşahidə edilməsində də ciddi qüsurlar ortaya çıxıb. Hətta ATƏT-in nümayəndələrinə bütün seçki bölgələrində müşahidə aparmağa şərait yaradılmayıb. 15 bölgədə isə səslərin sayılmasında ciddi qüsurlar müşahidə edilib.

Saxtakarlıqlar bunlarla yekunlaşmayıb. ABŞ seçkilərində daha bir “unikal” hal müşahidə edilib. Belə ki, Nevada ştatında bəzi məntəqələr qanunsuz olaraq səsvermə saatının başa çatmasından iki saat sonra bağlanıb. Həmin bölgədə isə H. Klintonun tərəfdarları çoxluq təşkil etdiyindən məhz bu gecikmənin hesabına onun həmin seçki bölgəsində “qələbəsi” təmin edilib.

Lakin paradoks ondadır ki, bütün saxtakarlıqlar Klintonun xeyrinə həyata keçirilsə də, sonda Tramp qalib elan olunub. Lakin bu, ABŞ-ın seçki mexanizminin “unikallığından” irəli gələn anormallıqdır. Belə ki, bu ölkədə seçkinin nəticələrini vətəndaşların səsverməsi deyil, fövqəlseçicilərin qərarları həll edir. 320 milyonluq bir dövlətdə seçkinin taleyi 538 nəfər fövqəlseçicinin qərarından asılı vəziyyətdədir.

Qeyd edək ki, bu mexanizm Amerikada tarixən yaradılıb və bu günədək dəyişdirilməyib. Burada ABŞ “demokratiyasının” bir özəlliyi də özünü göstərir ki, ölkəni idarə edən “ağlar” sadə vətəndaşlara və seçicilərə güvənmirlər. Beləliklə, onların rəyi nəzərə alınmır.

Görünən odur ki, demokratiya ABŞ siyasətçiləri üçün hər zaman siyasi oyun predmetindən başqa bir şey olmayıb.