Bəs, şərtlərdə və məbləğlərdə hansı dəyişikliklər var?
Bu gün ölkəmizdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə son bir neçə ildə yüz minlərlə hektar ərazidə yaradılan 50- dən çox aqropark kənd təsərrüfatı məhsullarının bolluğunu təmin edəcək mühüm amildir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda ərzaq bolluğunun yaradılması istiqamətində fermerlərə göstərilən dövlət dəstəyi də hər il artırılır. Belə ki, ölkəmizdə 4 il əvvəl tətbiqinə başlanılan aqrar sığortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir.
Təkcə 2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu (ASF) tərəfindən 6 milyon 423 min manat məbləğində sığorta ödənişi edilib. Bu, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasından sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46 faiz artıb. Xatırladaq ki, 2023-cü ildə fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 407 min manat sığorta ödənişi edilmişdi.
Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş edilən rayonların da sayı artıb. Belə ki, 2024-cü ilin ilk yarısında 37 rayonda aqrar sığorta ödənişləri həyata keçirilmişdisə, 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 41 rayonda ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55 faiz artıqdır. Sığorta ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib.
Bü gün ölkəmizdə dövlət dəstəyi ilə tətbiq olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki və bitki məhsulunu əhatə edir. Son illər Azərbaycanda kənd təsərrüfatına marağın artması fonunda ölkədə hər il minlərlə hektar meyvə bağları salınır. Meyvələr təkcə daxili bazarın təmin edilməsində deyil, həm də Azərbaycandan xarici ölkələrə satılaraq ölkəyə böyük vəsait gətirən ixrac məhsuluna çevrilib. Bu sahədə on minlərlə fermer və yerli əhali çalışır. Məhz bu səbəbdən aqrar sığorta vasitəsilə sığortalanan bitkilərin siyahısında əsas yeri meyvə məhsulları tutur. Hazırda aqrar sığorta vasitəsilə 21 növ meyvə bağları sığortalanır. ASF meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur. Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər müstəqil aqrar sığorta ekspertləri tərəfindən müəyyən edilir və ASF fermerə dəymiş zərəri qarşılayır. Zərərə görə aqrar sığorta ödənişi edilərkən azadolma məbləği də nəzərə alınır.
Meyvə bağlarını sığortalamaq olduqca sərfəlidir. Sığorta haqqı meyvənin növü, region və sığorta zərfindən asılı olaraq dəyişir. Bundan başqa, dövlətin 50 faizlik sığorta haqqı dəstəyi sayəsində fermer sığorta haqqının yalnız yarısını ödəyir, digər yarısını fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Ümumiləşdirdikdə 1000 manatlıq meyvənin baza zərfi ilə sığortalanması üçün fermerdən tələb olunan məbləğ meyvədən və regiondan asılı olaraq 10-25 manat arasında dəyişir. Bu hesabla, məsələn, bağda 10 min manatlıq məhsul varsa, həmin bağın sığortası fermerə təqribən 100-250 manata başa gəlir. Fermerlər meyvə bağlarını baza zərfindən başqa, əlavə ödənişlə digər risklərdən də sığortalaya bilərlər.
Meyvə bağı sahibləri bağdakı meyvələrdən əlavə, ayrıca olaraq ağacları və tingləri də sığorta edə bilərlər. Əgər yuxarıda sadalanan hadisə nəticəsində meyvə ağacı məhv olarsa, fermerə həmin ağacın 3 illik meyvəsinin dəyəri ödənilir – sığorta tarifi isə cəmi 0,83 faiz təşkil edir. Məsələn, ildə 50 manatlıq məhsul verən 1 ağacın sığortası fermerə cəmi 62 qəpiyə başa gəlir. Bu sığorta növü fermerləri uzunmüddətli zərərdən qorumaq üçün vacibdir.
Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlər özləri də müstəqil şəkildə ASF-nin rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər. Qeyd edək ki, Fondun sığortaladığı bağlar üzrə sığorta ödənişləri sürətlə artmaqdadır. 2023-cü ildə meyvə bağları üzrə cəmi 39 min manat ödəniş edilmişdisə, 2024-cü ildə bu məbləğ 720 min manat, 2025-ci ilin ilk 9 ayında isə 159 min manat təşkil edib və getdikcə artır.
Elçin Zaman, «İki sahil»