“Çelsi” ilə oyun “Qarabağ” üçün asan olmayacaq.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında vaxtilə İngiltərənin “Çelsi” klubunda Joze Mourinyonun köməkçisi işləmiş portuqaliyalı mütəxəssis Joze Moraiş keçmiş komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Ağdam təmsilçisi ilə keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, London klubu həm fərdi ustalıq, həm də heyət baxımından Avropanın ən güclü komandalarından biridir: “Lakin “Qarabağ” son illərdə sabitliyi və oyun nizam-intizamı ilə seçilən kollektivə çevrilib. Bu komanda illərdir öz oyun fəlsəfəsinə sadiq qalır, taktiki baxımdan yetkin və intizamlı çıxış edir. “Qarabağ” onu ciddiyə almayan komandaları tez-tez cəzalandıra bilir. Əks-hücumlarda çox yaxşı çıxış edirlər. Evdə oynayacaqları üçün onların enerjisi və kollektiv ruhu istənilən rəqib üçün çətinlik yarada bilər. Bu oyunda əsas məsələ müdafiədə sıx oynamaq və sürətli keçid hücumlarından maksimum yararlanmaq olacaq. Əgər bunu bacarsalar, “Çelsi” kimi nəhəng komandaya qarşı da layiqli müqavimət göstərə bilərlər”.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.