29 oktyabr 2025 12:16
129

Covan Canciç: Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə nümunəsidir

Konstitusiyanın qəbul edilməsi siyasi və ictimai hadisədir. Bu hadisənin əhəmiyyəti Azərbaycanın timsalında aydın görünür. Çünki bu ölkə öz Konstitusiyası ilə beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilmişdir. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə nümunəsidir, öz vətəndaşları üçün isə rifah və firavanlığın diyarı olmaq yolunda inamla irəliləməkdədir.

“İki sahil” xəbər verir ki, bunu Serbiyanın Milli Assambleyasının sədr müavini Covan Canciç Milli Məclisdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Konstitusiya dövlətin hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir: “Konstitusiya ölkənin ictimai quruluşunu müəyyənləşdirir, mühüm münasibətləri tənzimləyir, dövlət orqanlarının quruluşunu və fəaliyyətini ətraflı şəkildə müəyyən edir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarını, həmçinin onların vəzifələrini şəffaf və açıq şəkildə bəyan edir”.