Aidiyyəti qurumlarla birgə Agentlik ictimai nəqliyyatın optimallaşdırılması, parklanmanın nizamlanması və piyadaların təhlükəsizliyi istiqamətində yeniliklər həyata keçirir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkəmizdə yerüstü nəqliyyatın təhlükəsiz, effektiv, əlçatan və ekoloji baxımdan davamlı şəkildə təşkili və idarə olunması istiqamətində mühüm addımlar atır. Agentlik nəqliyyat infrastrukturunun müasir texnologiyalar əsasında yenilənməsini, şəhər mobilliyinin artırılmasını, ictimai nəqliyyatın optimallaşdırılmasını və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını qarşısına məqsəd qoyub. AYNA tərəfindən Bakıda və Abşeron yarımadasında bu istiqamətdə bir sıra yenilikçi layihələr icra olunur. Xüsusi hərəkət zolaqlarının və təhlükəsiz piyada zonalarının yaradılması, innovativ parklanma sistemlərinin tətbiqi, eləcə də “Bakı şəhərinin mobilliyinin transformasiyası”layihəsi çərçivəsində paytaxtın “rəqəmsal əkizi”nin formalaşdırılması bu işin əsas istiqamətlərindəndir.
Bəs son dövrlər AYNA-nın həyata keçirdiyi belə layihələr Bakının nəqliyyat sistemində hansı dəyişikliklərə səbəb olub və vətəndaşların mobilliyinə necə təsir göstərir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “İki sahil”in sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin məqsədi Azərbaycanda yerüstü nəqliyyatın təhlükəsiz, effektiv, əlçatan və ekoloji baxımdan davamlı şəkildə təşkili və idarə olunmasını təmin etmək, müasir texnologiyalar əsasında dayanıqlı nəqliyyat infrastrukturu qurmaqdır. Aidiyyəti qurumlarla birgə AYNA yol hərəkətini yenidən təşkil etməklə mobilliyin inkişaf etdirilməsi, nəqliyyat sistemində vəziyyətin yaxşılaşdırılması, avtomobillərin, o cümlədən ictimai nəqliyyatın hərəkət sxeminin optimallaşdırılması və son nəticədə bütün hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin olunmasını qarşısına hədəf qoyub. AYNA tərəfindən hərəkətin yenidən təşkili ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Sərnişinlərin mənzil başına daha tez, rahat və təhlükəsiz çata bilməsi üçün xüsusi hərəkət zolaqları təşkil edilir, böyük piyada axını müşahidə edilən ərazilərdə təhlükəsiz piyada zonalarının yaradılması ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılır və piyadalaşdırılır. Təşkil olunmuş zolarlarla hərəkət edən avtobusların sürəti 2 dəfədən çox artmışdır. Bundan əlavə, yol hərəkətinin təşkili ilə bağlı müxtəlif innovativ yanaşmalardan istifadə olunur, nişanlanma xətləri və yol nişanları quraşdırılır, piyada zolaqları çəkilir. Sakinlər və şəhərimizin qonaqları üçün nəqliyyat mübadilə mərkəzləri yaradılıb. Bir neçə nəqliyyatın birləşdiyi bu yerlər sayəsində nəqliyyat yükünün paylanması mümkün olub. Eyni zamanda, parklanma ərazilərinin səmərəli və faydalı istifadə olunması üçün tətbiq üzərindən çalışan innovativ parklanma sistemi istifadəyə verilib. Bununla da artıq gün ərzində hər bir parklanma yeri daha faydalı istifadə olunur və səhmanlı parklanma ümumi axına müsbət təsir göstərir.

Agentlikdən verilən məlumatda o da diqqətə çatdırılır ki, AYNA dayanıqlı nəqliyyat sisteminin qurulması istiqamətində prioritetlərin müəyyən edilməsi, yol hərəkətinin təşkili və təhlükəsizliyi səviyyəsinin artırılması üçün mütəmadi olaraq yeni layihələrin icrasını reallaşdırır. Yol hərəkətinin təşkili istiqamətində hazırlanmış layihələr əsasən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə hesablanıb.
Bakı şəhəri də daxil olmaqla Abşeron yarımadasında əhalinin sıxlığı və onların mobilliyinin təmin edilməsi nəzərə alınaraq, AYNA inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulması məqsədilə sərnişindaşımanın keyfiyyətinin yaxşılaşdırılması, şəhərin ekoloji vəziyyətinin yüngülləşdirilməsi və təhlükəsizliyin artırılması üçün “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsinə start verib.

Bu məsələnin həlli ilə bağlı aparıcı beynəlxalq məsləhətçi şirkətlər cəlb olunmaqla ictimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanıb. Modelin məqsədi həm də ictimai nəqliyyatda əlçatanlığın, şəhər daxilində mobillik imkanlarının, yol təhlükəsizliyin artırılmasıdır. Model çərçivəsində Bakının “rəqəmsal əkizi” yaradılıb ki, bu da qərarların elmi cəhətdən düzgün və data əsaslı olmasını təmin edir. Avtobus, metro, dəmir yolu, mobil operatorlardan alınan milliardlarla sətir data əsasında yaradılan yüksək texnoloji alət olan “rəqəmsal əkiz” avtomobil yollarında real şəraitdə və hərəkətə uyğun gələn yol hərəkətinin işçi modelinin, doğru nəqliyyat simulyasiyasının yaradılmasına imkan verir. Məlumat dəqiqliyi üçün modelləşmə zamanı dron çəkilişlərindən, şəhər kameralarından alınmış görüntülərdən və hətta WAZE programının məlumatlarından, o cümlədən əhali arasında keçirilən sorğulardan geniş şəkildə istifadə edilir.
Bundan əlavə, AYNA bu il BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində təşkilatın Azərbaycandakı Nümayəndəliyi ilə birgə piyadalar üçün maarifləndirici tədbirlər təşkil edib. Tədbir çərivəsində piyada zolaqlarından düzgün istifadə, şəhər şəraitində təhlükəsiz mikromobillik vasitələrindən və zolaqlardan düzgün istifadə qaydaları barədə təlim təşkil edilib. Maarifləndirici tədbirin məqsədi yol istifadəçiləri arasında təhlükəsiz və məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılması olub.
Eyni zamanda, sentyabrın 16-dan 22-dək AYNA tərəfindən “Avropa Mobillik Həftəsi” çərçivəsində orta məktəb şagirdləri, ali məktəb tələbələri və şəhər sakinləri arasında maarifləndirici tədbirlər təşkil edilib. Silsilə tədbirlər zamanı yollarda qəzaların qarşısının alınması, sürücü və piyadaların təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirici proqramlar həyata keçirilib.
Yaqut Ağaşahqızı, “İki sahil”