30 il düşmən tapdağında qalan əzəli cənnət məkan yurd yerimiz- Qarabağımız 44 günə Ziyəddin kimi igid, Vətən qeyrətli oğulların qanı bahasına azadlığa qovuşdu. Odlardan, alovlardan keçərək qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən Ziyəddin Ariz oğlu Xanalıyev 1999-cu il yanvarın 16-da Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Qısa, olduqca şərəfli ömür yoluna mərdlik, şücaət yazılan bu, Vətən sevdalısı indi təkcə doğulduğu kəndin deyil, bütün Azərbaycanın iftixar mənbəyi, qürur yeridir. Həmçinin şəhid Ziyəddinin Vətən, torpaq sevgisi zaman-zaman gələn nəsillərə örnək olacaq.
Torpaq, Vətən uğrunda canını fəda edərək ölümsüzlüyə qovuşan Ziyəddin orta təhsilini qonşu Təzəkənd kənd orta məktəbində alıb. Ana südü ilə birgə canında, qanında mərdlik, cəngavərlik ruhu axan gənc ordu sıralarında xidmət etməyi hər şeydən üstün tutub. Dost, tanışa da belə deyib:” Vətənimizin torpaqlarına yağı dadanıb. Belə bir vaxtda yurda dayaq durub, onu alınmaz qalaya çevirmək daha müqəddəs işdir. Hazırki zamanda mən öz yerimi cəbhə bölgəsində görürəm. Yaxın vaxtlarda ordumuzun qələbəsinə də tam inanıram. Çünki yeni nəslin qəhrəman, fədakar oğulları artıq yetişib. Vətən qarşısında bizim indiki birinci borcumuz düşmənin başını əzmək, onu məhv etməkdir. Gedirəm, əgər müharibə başlansa işğal olunmuş torpaqlardan erməni dığalarını tamam təmizləyənə qədər silahımı yerə qoymaram”.
Ziyəddin əsgər olduğu gündən cəsur, mərd, Vətən uğrunda hər an canından keçməyə hazır bir gənc olaraq tanınıb. Eləcə onda olan yüksək mədəniyyət, əxlaq əsgərlərə nümunə göstərilib. Komandirləri Ziyəddini daha çox verilən tapşırıqlara ürəklə yanaşmasına, təlimlərdə fədakarlığına görə seviblər.
Bir sözlə, Ziyəddin doğma Azərbaycana yararlı övlad kimi hərbi xidmətini layiqincə yerinə yetirib evə dönüb. Mülki gəmidə işləməyə başlasa da, yağıdan alacağı öcə də hazır durub. Odur ki, 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Ordusu sıralarına qatılıb.
Vətən torpaqlarının Erməni işğalından azad edilməsi uğrunda həyata keçirilən bir-birindən çətin hərbi əməliyyatlarda mərdliklə vuruşub. Həmişə də döyüş meydanından zəfərlə çıxıb. 6 noyabra kimi neçə-neçə ölüm-dirim savaşında keçib. Yağıya vurduğu sarsıdıcı zərbələrinin sayı gündən-günə artıb. Hər qarşı torpaq uğrunda ermənilərin üstünə qartal tək şığıyıb.
6 noyabrda Şuşada Vətənə can borcunu şərəflə verib. Belə ki, qeyri-bərabər döyüşdə ağır yaralanıb, Vətən eşqi ilə döyünən ürəyi əbədi dayanıb, yeni ulduzlu bir dünya yaşamaq üçün doğma kənd qəbiristanında sevdalandığı torpağın sinəsinə baş qoyub. Dövlət də öz ürəyi sevdalı oğlu Ziyəddin Xanalıyevi ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə