31 oktyabr 2025 11:32
134

Hamit Altıntop Azərbaycanda işləmək istəyir

Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop Azərbaycanda işləmək istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində 42 yaşlı veteran oyunçu özü məlumat verib.

O, bilik və təcrübəsini bölüşməkdən, xüsusən də gənc oyunçuların inkişafına dəstək olmaqdan həmişə məmnun olduğunu bildirib: “Axı biz hamımız eyni mədəniyyətin və futbol ailəsinin bir hissəsiyik. İstər Türkiyə Futbol Federasiyasında (TFF) işlədiyim vaxtlarda, istərsə də ondan sonradı dönəmdə Azərbaycandakı futbol rəsmiləri (AFFA) ilə daim əlaqə saxlayırıq. Hazırda heç bir rəsmi əməkdaşlıq gündəmdə deyil. Ancaq Azərbaycan futboluna göstərdiyim hörməti və marağımı hər fürsətdə vurğulayıram”.

Almaniya futbolunun yetirməsi olan Hamit Altıntop bu ölkənin “Şalke” və “Bavariya” kimi tanınmış komandalarında çıxış edib. O, həmçinin İspaniya nəhəngi “Real Madrid” və Türkiyə təmsilçisi “Qalatasaray”ın formalarını geyinib. Türkiyə yığmasının heyətində 82 oyun keçirən keçmiş yarımmüdafiçi 7 qolla yadda qalıb.