04 noyabr 2025 11:53
113

Sanitariya-Karantin Mərkəzinin sabiq vəzifəli şəxslərinə hökm oxunub

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

“İki sahil” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər üç təqsirləndirilən - Saleh Novruzi, Tahir Vəliyev və Yadulla Balışov 9 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilənlərin yaşı və səhhəti nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, onlara 5 il sınaq müddəti seçilməklə şərti cəza təyin edilib.

Bu, hakim Rasim Sadıxovun sədr olaraq oxuduğu son hökm olub. Bundan sonra o, təqaüdə çıxacaq.

Xatırladaq ki, dövlət ittihamçısı Saleh Novruzi və Tahir Vəliyevin 10 il, Yadulla Balışovun isə 10 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.