29 iyun 2026 00:30
89

Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinist xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu ərazisində Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində bir alpinistin sıldırımdan yıxılaraq xəsarət alması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən “İki sahil”ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar alpinist-xilasedicilərdən ibarət qrupu hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2000-ci il təvəllüdlü Cəfərov Altay Aqşin oğlunun Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində dəniz səviyyəsindən təxminən 3500-3800 metr yüksəklikdə sıldırımdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin alpinist-xilasediciləri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində A.Cəfərova hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra o, çətin keçilən dağlıq ərazidən təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.