8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür
Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı sayılan tarixi Zəfərimizin beş ili tamam olur. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bu Zəfər bizimlə əbədi yaşayacaq” çağırışı Qələbəmizə gedən yolun və bundan sonrakı mərhələnin ümumiləşdirilmiş ifadəsidir. Böyük səylərin, qətiyyətin nəticəsi olan uğurlarımız hər zaman keçilən yola nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Qürurla qeyd etdiyimiz bayramlarımızda, tarixi günlərdə Azərbaycanın sadalamaqla bitməyən uğurlarından bəhs etdikcə daha çox qürurlanır, hər günün tariximizə bir uğur səhifəsi kimi yazıldığının şahidinə çevrilirik. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti nəticəsində tarixi Zəfərə imza atdıq, suverenliyimizi bərpa etdik. Təqvimimizdə bu bayram və Zəfər günləri ilə yanaşı, kədərli 27 Sentyabr - Anım Günü də var. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 Sentyabr tarixi Anım Günü, Qələbəmizin əbədiləşdirilməsi məqsədilə Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda, Şuşa Şəhəri Günüdür. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı tariximizin Zəfər səhifələrini vərəqləmək və gələcək nəsillərə çatdırmaq üçün hər birimizə çağırışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Ümumiyyətlə, Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə, bölgənin "döyünən ürəyi" adlandırılır.
44 günlük Vətən müharibəsində Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirdi. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil oldular. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, şəhər yaxınlığında lokal döyüşlər yalnız 29 oktyabrdan başladı. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etdi, ardından da strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirdi. Erməni qüvvələri sonradan - 4 noyabrda yolu mülki vətəndaşlara bağladı. Erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüş Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil oldu. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovdu və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etdi, lakin Ermənistan rəhbərliyi bunu təkzib etdi. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımladı və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqlədi. Elə həmin gün qondarma dağlıq qarabağ respublikasının “prezident aparatı” separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqlədi, fəqət sonradan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymağa başladılar. Atəşkəs razılaşmasının imzalanmasından sonra qondarma dağlıq qarabağ respublikasının qondarma “prezidenti” Araik Arutyunyan, eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etməli oldular. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı oldu və Azərbaycana strateji üstünlük verdi. Döyüşdən bir neçə gün sonra Ermənistan tam şəkildə məğlubiyyəti qəbul etdi və Azərbaycan müharibədə parlaq Qələbə qazandı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhəri işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”. Beləliklə, möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Onu da vurğulamaq yerinə düşər ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı. 44 gün ərzində düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
“Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olunub. Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq.
Sevinc Azadi, “İki sahil”