16 mart 2026 20:06
119

Beynəlxalq əməkdaşlıq və davamlı inkişaf

Geosiyasi rəqabətin artması, regional münaqişələrin davam etməsi və yeni təhlükəsizlik çağırışlarının meydana çıxması qlobal gündəliyi müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Belə bir şəraitdə dövlətlər arasında dialoqun təşviqi, fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlıq mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan martın 12-də Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Forum da bu qəbildəndir. Bu Forum qlobal və regional böhranların müzakirəsi və onların həlli yollarının tapılması üçün mühüm beynəlxalq platforma kimi çıxış edir. Qlobal Bakı Forumu artıq illərdir ki, nüfuzlu beynəlxalq tədbir kimi tanınır və dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. Forumun əsas məqsədi qlobal problemlərin müzakirəsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməkdir. Bu il keçirilən forumun gündəliyi də olduqca genişdir və burada qlobal təhlükəsizlik, regional sabitlik, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və davamlı inkişaf kimi vacib məsələlər müzakirə olunur.

Bakı Forumu kimi gerçəkləşən bu Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi. Bu çıxış Forumun mahiyyətinin açılması baxımından diqqəti çəkdi. Təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmasa qalan bütün məsələlərin tamamilə mənasız olacağını, bu Forumun gündəliyinin çox geniş olduğunu, işğal olunmuş ərazilərimizi güc vasitəsilə azad etdiyimizi, sülhə siyasi yollarla nail olduğumuzu da qeyd etdi. Bu baxımdan XIII Qlobal Bakı Forumunun açılış mərasimində dövlət başçımız İlham Əliyev tərəfindən səsləndirilən fikirlər yalnız regional deyil, həm də qlobal təhlükəsizlik və inkişaf məsələləri baxımından diqqətəlayiq strateji yanaşmanı əks etdirdi. Cənab Prezident çıxışında təhlükəsizlik və sabitliyin dövlətlərin inkişafı üçün fundamental şərt olduğunu vurğulayaraq, Azərbaycanın son onilliklərdə keçdiyi siyasi və geosiyasi təcrübəni beynəlxalq ictimaiyyət üçün mühüm nümunə kimi təqdim etdi. Forum iştirakçıları dövlət başçımızın bu tezisləri əhatələyən fikirlərini də böyük diqqətlə dinlədilər, bu fikirlərin həm siyasi həm də həyati mahiyyətindən əmin oldular. Azərbaycanın ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan sülhə nail olmağı qarşısına məqsəd qoyduğunu, özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyətinin bir fəlakət, həmsədrlərin məqsədinin münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək olduğunu da diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduqca vacib məsələlərdən söz açdı.

Forumun müzakirə etdiyi mühüm mövzulardan biri də qlobal nəqliyyat və logistika əlaqələrinin inkişafıdır. Müasir dövrdə münaqişələr və siyasi gərginliklər ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə ciddi təsir göstərir. Azərbaycan isə strateji coğrafi mövqeyi və həyata keçirdiyi infrastruktur layihələri sayəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevrilib. Bu dəhlizlər təkcə region üçün deyil, həm də qlobal ticarət və logistika sistemi üçün böyük əhəmiyyət daşıyır.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Daha sonra isə siyasi dialoq yolu ilə regionda sülhün təmin olunmasına nail olundu. Azərbaycan və Ermənistan arasında əldə edilən sülh razılaşması müasir beynəlxalq münasibətlər tarixində nadir hallardan biri hesab edilir. Bu proses göstərdi ki, güclü siyasi iradə və real siyasi qərarlar münaqişələrin qısa müddətdə həllinə imkan verə bilər. Ermənistanla sülh əldə edildikdən sonra yeni nəqliyyat marşrutlarının açılması perspektivi də gündəmə gəlib. Bu layihələr Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və enerji əlaqələrinin bərpasına, eyni zamanda regionda iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Belə təşəbbüslər bütün region ölkələri üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır. Bu gün regionda sülhün bərqərar olması artıq öz müsbət nəticələrini göstərir. Sərhəddə sabitlik hökm sürür, iqtisadi əlaqələr bərpa olunur və yeni əməkdaşlıq imkanları yaranır. Azərbaycan Ermənistanla ticarət əlaqələrinin bərpası və enerji məhsullarının ixracı kimi addımlar ataraq regionda uzunmüddətli və davamlı sülhə sadiqliyini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın sülhsevər siyasətinin və konstruktiv mövqeyinin göstəricisidir. Azərbaycanın təcrübəsi göstərir ki, təhlükəsizlik və sabitlik olmadan iqtisadi inkişaf, sosial rifah və regional əməkdaşlıq kimi məsələlər real nəticə verə bilməz. Bu baxımdan Prezident İlham Əliyev təhlükəsizliyin yalnız milli məsələ deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq tələb edən qlobal məsələ olduğunu qeyd etdi.

Beləliklə, XIII Qlobal Bakı Forumu yalnız müzakirə platforması deyil, həm də qlobal və regional problemlərin həlli üçün ideyaların formalaşdığı mühüm beynəlxalq məkandır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri