Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı milli düşüncənin, intellektual tərəqqinin və dövlət siyasətinin mühüm hadisəsidir. Bu əlamətdar tədbirdə Prezident İlham Əliyevin çıxışı ölkəmizdə elmin strateji inkişafına, alimlərin fəaliyyətinə və dövlət-elm münasibətlərinin gələcək istiqamətlərinə dair mühüm mesajlarla yadda qalıb. Dövlətimizin başçısının fikirlərində elmin milli güc amili kimi dəyərləndirilməsi, elm adamlarına göstərilən etimad və dəstəyin davamlı olması dövlət siyasətinin təməl prinsiplərindən biri kimi təqdim olunub.
AMEA 80 il ərzində böyük yol keçmiş, ölkədə elmin inkişafında aparıcı rol oynamışdır. Akademiyanın bu uzunmüddətli fəaliyyəti milli elmin formalaşması, intellektual potensialın yaranması və elmi məktəblərin təşəkkülünə töhfə vermişdir. Bu illər ərzində elm sahəsində əldə olunan nailiyyətlər ölkənin strateji inkişaf kursunun elmi əsaslarını möhkəmləndirmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminə və alimlərinə göstərdiyi qayğı Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanmışdır. 1970-ci illərdə Ümummilli Liderin təşəbbüsü ilə Akademiyanın fəaliyyəti təkmilləşdirilmiş, yeni elmi-tədqiqat institutları yaradılmış, elmi infrastruktur gücləndirilmişdir. Həmin dövrdə elmin maddi bazasının möhkəmləndirilməsi və gənclərin ali təhsilə yönəldilməsi istiqamətində atılan addımlar bu gün də ölkənin intellektual inkişafının təməlini təşkil edir. O illərdə yüz minlərlə gəncin ittifaqın aparıcı ali məktəblərində təhsil alması Azərbaycanın elmi potensialının formalaşmasında dönüş nöqtəsi olmuşdur.
Müstəqillik illərində bu siyasət yeni mərhələyə qədəm qoymuşdur. Ulu Öndərin müəyyən etdiyi xətt müasir dövrdə daha müasir və çevik yanaşmalarla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə son illərdə elmin inkişafı üçün ayrılan maliyyə vəsaiti iki dəfədən çox artmış, elmi müəssisələrin infrastruktur təminatı yenilənmiş, elmi fondlar yaradılmışdır. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramının qəbulu bu istiqamətdə sistemli siyasətin göstəricisidir.
Dövlətimizin başçısı çıxışında elmin inkişafı ilə yanaşı, Azərbaycanın son illərdə əldə etdiyi tarixi Zəfərə də toxunub. Bu Qələbə xalqımızın birliyinin, elmi düşüncə və strateji planlaşdırmanın nəticəsidir. Azərbaycanın tam və mütləq Qələbəsi təkcə hərbi üstünlük deyil, həm də milli iradənin, idarəçilik intellektinin və texnoloji tərəqqinin nəticəsidir. Son beş ildə həyata keçirilən bərpa və quruculuq işləri bu Qələbənin davamı olaraq elmin və texnologiyanın tətbiqi ilə yeni mərhələyə qədəm qoyub.
Prezident İlham Əliyev çıxışında rəqəmsallaşmanın dövlət idarəçiliyi və iqtisadi inkişaf üçün açdığı imkanlardan bəhs edərək, Azərbaycan alimlərini bu prosesdə daha fəal iştirak etməyə çağırıb. Rəqəmsallaşmanın tətbiqi yalnız texnoloji proses deyil, həm də idarəetmə keyfiyyətinin yüksəldilməsi və şəffaflığın təmin olunması vasitəsidir. Bu istiqamətdə atılan addımlar nəticəsində artıq bir çox sahələrdə işin keyfiyyəti və səmərəlilik əhəmiyyətli dərəcədə artıb.
Yubiley tədbirində dövlətimizin başçısı müasir dövrdə ən aktual mövzulardan biri kimi kibertəhlükəsizlik məsələsini də diqqətə çatdırıb. Kibertəhlükəsizlik yalnız virtual məkanın deyil, hər bir dövlətin təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycan bu istiqamətdə qabaqcıl beynəlxalq şirkətlərlə əməkdaşlıq edir, milli Kibertəhlükəsizlik Mərkəzi vasitəsilə öz infrastrukturunu qoruyur. Bu, həm dövlətin müdafiə strategiyasının, həm də elmi potensialın birgə fəaliyyəti sayəsində mümkün olur.
Prezident İlham Əliyev, həmçinin hərbi sənayenin inkişafından danışaraq vurğulayıb ki, artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Son illərdə yatırılan investisiyalar nəticəsində Azərbaycan bir sıra ölkələrə hərbi təyinatlı məhsullar ixrac etməyə başlayıb. Bu, milli müdafiə sənayesinin güclənməsi ilə yanaşı, ölkənin texnoloji potensialının da göstəricisidir. Özəl sektorun sözügedən sahəyə cəlb olunması innovativ yanaşmanı və rəqabət mühitini daha da artıracaq.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərir ki, elm və intellektual potensial ölkənin gələcək yüksəlişinin mühüm dayaqlarıdır. Elmi fəaliyyətə verilən dəyər, alimlərə göstərilən qayğı və yaradılan şərait dövlətin strateji məqsədlərinə xidmət edir. Azərbaycan bu gün regional miqyasda elmi tərəqqi, texnoloji innovasiya və milli intellektual gücün sintezini nümayiş etdirən bir model formalaşdırır.
Nurlan Həsənov,
Milli Məclisin deputatı