05 noyabr 2025 10:18
75

“Dəmir yumruq” milli birliyin ən güclü rəmzidir

Keçmiş Qarabağ münaqişəsi Azərbaycanın son yüz ildə yaşadığı çətin, ağrılı problemdir. XX əsrin90-cı illərdə yaşanılan şərait qiymətləndirilərkən müstəqilliyini qazanan bir dövlət üçün xarici havadarlara arxalanan namərd qonşudan zərbələr alması vəziyyəti daha mürəkkəbləşdirirdi. Ermənilərin əsassız torpaq iddiaları qarşısında peşəkar, sistemli orduya sahib olmayan, iqtisadi cəhətdən çətinliklər yaşayan Azərbaycan tək mübarizə aparırdı. Hakimiyyətdə hökm sürən siyasi səriştəsizlik itkilərimizin səbəbi idi. Təəssüf ki, I Qarabağ müharibəsində 10 mindən çox şəhid verdik, 4 mindən çox vətəndaşımız itkin düşdü. Ərazimizin 20% işğala məruz qaldı, bir milyondan çox soydaşımız 30 il köçkünlük həyatı yaşadı.

Ötən illər ərzində Azərbaycan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çalışdı. Bununla bərabər müstəqil dövlət üçün zəruri sayılan peşəkar orduya sahib oldu. 90-cı illərin  qarışıq vəziyyətindən istifadə edərək “qələbə” qazanan ermənilər Azərbaycanın bu səbrini fərqli anlayaraq daha da azğınlaşırdı. Ölkəmizin yaşadığı itkiləri öz qüvvələri sayaraq himayədarlarının kölgəsinə sığındıqlarını unudurdular. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi, müdafiə naziri David Tonoyanın “yeni torpaqlar üçün yeni müharibə” çağırışı və buna bənzər müxtəlif illərdə Ermənistan hökümətinin səsləndirdiyi fikirlər məsələnin həllində danışıqların nəticə verməyəcəyini göstərirdi.

Erməni işğalına son qoyma qərarı 27 sentyabr 2020-ci ildə baş verdi. Belə ki, səhər  saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək

məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və qarşıdurma İkinci Qarabağ müharibəsinə çevrildi. Əməliyyatın “Dəmir yumruq” adlandırılması məsələni kökündən həll ediləcəyinə göstəricisi idi. 30 il ərzində baş verənlər təkrarlanırdı. Yenə də Azərbaycana müxtəlif ölkələrin, beynəlxalq təşkilatların hərbi əməliyyatları dayandırmaq, danışıqları davam etdirmək kimi çağırışları səsləndirilirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  çıxışlarının birində demişdir: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”

Vətən müharibəsində ermənilər döyüş meydanında məğlubiyyətlərini gördükdə mülki əhalini hədəfə alır, zərbələr vurmağa çalışırdılar. Azərbaycan Ordusu beynəlxalq qaydalara əməl edərək, əsl hərbi peşəkarlığı nümayiş etdirərək erməniləri döyüş meydanında məğlub edirdilər. Bir addım da geri çəkilmədən, əzmlə irəliləyərək 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatını həyata keçirərək Zəfərə imza atdılar. Şuşa şəhəri dağıdıcı silahlarla deyil, yüngül silahlarla, əsasən üzbəüz əlbəyaxa döyüşlə düşməndən təmizləndi. Sonda Müzəffər Azərbaycan Ordusunun əzmi qarşısında gücsüz qalan  Ermənistan höküməti məğlubiyyətlərini etiraf etməyə məcbur oldular. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin iştirakı ilə imzalanmış üçtərəfli bəyanatla Ermənistanın hərbi kapitulyasiyası imza atmalı oldu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbiri barədə çıxışında demişdir : “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”

Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü