Şuşa qala kimi tikilmişdi və təkcə tariximizin izi, mədəniyyətimizin gözü deyildi. Şuşa istehkam, son sığınacaq ünvanı, şərəf və ləyaqət qalası olaraq qalırdı. Azərbaycan kişilərinin at oynatdığı, şahə qalxdığı, döyüş hazırlığı məkanı idi. Amma Şuşa kreslo və vəzifə hərislərinin xəyanət nöqtəsinə çevrildi.
Bu xəyanət təkcə şəhərin daşlarını deyil, həm də xalqın ruhunu sarsıtdı. Şuşa azadlığını qorumaq üçün doğulmuş bir şəhər kimi mübarizəsiz və dirənişsiz təslim olunmuşdu.
Şuşanın qorunması Şuşada deyil, yad yerlərdə siyasi yollarla təşkil edilmişdi. Elə danışıqlar masada başlar-başlamaz Şuşa və millətin ruhu işğal olundu. Xalqın döyüşkən əzmi, milli qüruru sarsıldı. Qala şəhərimiz siyasi xəyanət nəticəsində şəhid oldu! Azərbaycan xalqının daşınmaz zinəti olan Şuşa yad şəhər kimi düşmənə hədiyyə olundu. Amma heç kim anlamadı ki, Şuşa təkcə şəhər deyil, millətin nəfəsidir, ruhudur. İşğalla daşları susdu, divarları ağladı, küçələri isə səssiz bir fəryada çevrildi. Millət bu ağrını içində daşıdı, hər bir azərbaycanlının ürəyində Şuşa adlı bir yara açıldı. 1992-ci ildə siyasi masada və qala divarlarının önündə yoxa çıxan qürur xalqın yaddaşında alova çevrildi. Həmin alov bir gün yenidən azadlıqla parladı, çünki millətin ruhu Şuşa kimi əsir qala bilməzdi.
Şuşa uzun illər yad nəfəsin tozunu, yad addımların sızıltısını sinəsində daşıdı. O müqəddəs torpaq kirli ayaqların izlərini, yalançı təbəssümlərin acısını içində gizlətdi. Cıdır düzündə saxta gülüşlərlə qol açıb oynayanlar sanki bu torpağın əsl sahibinə acıq verirmiş kimi davranırdılar. Amma anlamadılar ki, bu qələbə, zəfər deyil, bu, xəyanətin onlara verdiyi qısamüddətli bir fürsətdir. O anlar uzaqda, səssizcə böyüyən bir güc vardı,
Lider və Xalq birliyinin simvolu olan “Dəmir yumruq”. O yumruq bir gün işğalçının bağrına elə bir zərbə vuracaqdı ki, əsrlərlə unutmayacaqdılar və belə də oldu. Düşmənin təxribatçı hərəkətləri, sərsəm bəyanatları, “müharibə olsa, Bakını hərbi texnikalarımızla görəcəyik” kimi cəfəng iddiaları və təmas xətti boyunca gərginlik yaratmaq cəhdləri müharibəni qaçılmaz etdi.
Ali Baş Komandanın rəhbərliyi altında başlanan savaş dövlətimizin gücünü və xalqımızın döyüş ruhunu bütün dünyaya göstərdi. Kəndlər, qəsəbələr və rayonlar ardıcıl olaraq işğaldan azad edildi. Azərbaycan nifrətlə deyil, torpağa olan sevgisi ilə ədalətin bərpası üçün döyüşürdü. Məqsəd yalnız işğala son qoymaq və Qarabağı azad etmək idi.
Prezident İlham Əliyev diplomatiya masasında Azərbaycanın milli maraqlarını ləyaqətlə və qətiyyətlə müdafiə etdiyi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq savaş meydanında da eyni iradə və liderlik nümunəsini göstərdi. Azərbaycan Ordusu müharibə zamanı humanizm prinsiplərinə sadiq qalaraq mülki şəxslərə zərər yetirmədi, hərbi əsirlərə isə insani münasibət sərgilədi. Bu həqiqət qarşı tərəfin etiraflarında da öz təsdiqini tapdı.
Şuşa uğrunda gedən döyüşlər isə azərbaycanlı olmağın qürur və şərəf simvoluna çevrildi. Qayalara dırmaşan, əlbəyaxa döyüşlərdə süngü ilə irəliləyən igid əsgərlərimiz ev-ev, küçə-küçə Şuşanı işğalçılardan təmizlədilər. Bu qələbə düşməni deyil, bütün dünyanı heyrətə gətirdi. Şuşa zirvəsindən ucalan qəhrəmanlıq dastanı isə dünyanın hərb məktəbləri və tarix kitabları üçün əbədi örnək nümunəsi oldu. Şuşa azadlıq çağırışı ilə yenidən səsləndi.
Prezident İlham Əliyevin qətiyyətli liderliyi, siyasəti və Azərbaycan əsgərinin rəşadəti sayəsində qala şəhərimiz əsarət zəncirini qırdı. Şuşanın azad olunması təkcə qurtuluş deyildi, xalqımızın ruhunun, qürurunun və tarixinin dirçəlişi idi. Şuşa zəfəri bayrağımızı ucaltdı, dövlətimizin gücünü dünyaya göstərdi. Qəhrəman oğullarımızın qanı ilə yazılmış bu qələbə düşməni diz çökdürdü, rəzil kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Bir zamanlar talan edilmiş, dağıdılmış Şuşa indi yenidən həyatla nəfəs alır. Küçələrində musiqi səslənir, mədəniyyət və sülh bayramını yaşayır, beynəlxalq tədbirlərin, mədəni müxtəlifliyin və humanizm çağırışlarının mərkəzinə çevrilib.
Şuşa bizim üçün adi bir şəhər deyil, azadlığın, mübarizliyin və milli qürurun simvolu, şərəf məsələsi idi. Qarşı tərəfin iddialarından açıq görünürdü ki, Şuşanı geri qaytarmaq onlar üçün heç vaxt müzakirə mövzusu olmayıb. Amma Prezident İlham Əliyev işğalçının arzusunu gözündə saxlayaraq Şuşanı haqqı olana qaytardı. Şuşa yalnız haqqımız deyil, həm də qürurumuzdur. Şuşa zirvəsindən milli haqqımız olan üçrəngli bayrağımızın dalğalanması qalibiyyətimizin simvolu oldu.
Qələbəmiz əbədi, birliyimiz isə ümumxalq liderimizin iradəsi ilə möhkəmdir.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Azərbaycan elminin inkişafına dövlət baxışı və strateji istiqamətlər - AMEA-nın 80 illiyi
Elmi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması genişmiqyaslı islahatlar səviyyəsinə çatıb