06 noyabr 2025 10:03
50

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu

Azərbaycan xalqı 2020-ci il noyabr ayının 8-də şanlı Zəfər qazandı. Bu, Azərbaycanın dövlətçilik tarixində yaşadığı ən gözəl gün idi və bütün dünyaya müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha nümayiş etdirdi. Məhz həmin gün qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.

Əlbəttə ki, son 30 ildə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır yollardan keçib. 2020-ci il sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq, 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi .

Bir çox əlamətdar və ağrılı-acılı hadisələrlə tarixə qovuşan 2020-ci ilin son aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı yerə-göyə sığmayan sevinc hissi və qururla Qarabag zəfərini qeyd etdi. Bu böyük qələbəyə aparan keşməkeşli yol 30 il sürdü.  30 il Qarabağ həsrəti bu qələbənin gərçəkləşməsi uğrunda dövlət başçılarımızın apardıqları ədalətli siyasi mübarizə, diplomatik danışıqlar və gərgin ordu quruculuğu, nəhayət ki, bu gözəl Zəfər gününü gətirdi! Ümimmili lider Heydər Əliyev bu günün gələcəyini bilirdi və vaxtılə uzaqgörənliklə söylədikləri bu gün artıq Azərbaycanın reallığıdır.
1923 ildə Azərbaycanın tərkibində yaranan Dağlıq Qarabağ Muxtar vilayətinin qısa, lakin qanlı-qaralı tarixçəsi “xüsusi statusa” malik olmasından ibarətdir. Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsindən sonra sistemli və məqsədyönlü tədbirləri nəticəsində vəziyyət dəyişdi. 1970-1985-ci illərdə DQMV-də ümumi dəyəri 470 milyon manat olan əsas fondlar, 15 sənaye müəssisəsi və başqa istehsal sahələri istifadəyə verildi. . Nəticədə, Qarabağın dağlıq və aran hissələrinin, respublikanın digər rayonları ilə daha sıx təsərrüfat əlaqələri yaradıldı. . Bu tədbirlər, sözsüz ki, Heydər Əliyevin erməni separatçılarını açıq çıxışlardan çəkindirmək siyasəti və Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətləri idi, çünki Dağlıq Qarabağın Azərbaycana bağlılığını təmin etdi.
Qarabağ məsələsinin yenidən qaldırılmasına əvvəlcədən hazırlaşmış və bu hazırlıq işlərinin hədəfində Heydər Əliyev amili vardı, çünki erməni millətçiləri yaxşı bilirdilər ki, Heydər Əliyevin varlığı, onun sovet rəhbərliyində böyük nüfuza malik olması onların mənfur planlarını, həmişə olduğu kimi, darmadağın edəcək, ona görə də Ermənistandan və hətta Azərbaycanın özündən kütləvi şəkildə anonim məktular Moskvaya göndərilir, qəsdən Heydər Əliyevə qarşı şər-böhtan kompaniyası aparılırdı. Elə bu səbəbdən Heydər Əliyevin 1987 ildə istefa verdi

. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gələndən sonrakı dövrdə əsas amalı işğal altında olan torpaqlarımızı azad etmək olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyev həyatını Azərbaycana həsr etmiş siyasətçidir. Onun əsas amalı Azərbaycanın güclü dövlətə çevrilməsi, işğal altında olan torpaqlarımızı azad edilməsi  olmuşdur. Ulu Öndər həmişə Qarabağ haqqında ağrı ilə danışırdı. O, Azərbaycanı Qarabağsız, Şuşasız təsəvvür etmirdi. Həmişə çıxışlarında Azərbaycan xalqını əmin edirdi ki, bir gün mütləq Şuşaya, Qarabağa qayıdacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə nizama salınması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Dahi Öndər Heydər Əliyevin münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin dünyada siyasi gücə malik olan dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də, çoxtərəfli görüşlərdə bu münaqişənin mahiyyətiyinə, reallığına dünya birliyinin diqqətini cəlb enməyə bacarmışdı. Böyük Öndər Heydər Əliyev bütün görüşlərində və çıxışlarında, siyasi fəaliyyətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışırdı. Özünün qətiyyətli və prinsipial mövqeyini hər bir görüşdə, hər bir çıxışında dünya ictimaiyyətinə tarixi faktlarla əsaslandıraraq çatdırırdı.
XX əsrin 90-cı illərində isə reallıq bundan ibarət idi ki, əslində Ermənistan-Azərbaycan müharibəsi gedirdi və Ermənistan Respublikası suveren Azərbaycan Respublikasının ərazisinə təcavüz etmişdi. Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şürasının dörd qətnaməsi qəbul edilmişdir (822, 853, 874 və 884). Hamısı Qarabağda gərgin hərbi əməliyyatların aparıldığı bir dövrdə - 30 aprel-12 noyabr 1993-cü il tarixlərində qəbul edilmişdi. Məhz Heydər Əliyevin tövsiyyəsi ilə münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırılmağa başlanmışdır, çünki əks halda qarşıdurmanın iki ölkə arasında deyil, Dağlıq Qarabağla Azərbaycan arasında baş verməsi təəssüratı yaranırdı.
1992-ci ildə ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) çərcivəsinda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində vasitəçilik edəcək 12 dövlətdən ibarət Minsk qrupu yaradıldı və Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-in himayəsinə verdi.
Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri Lissabon sammitində məhşur veto qarşıdurmasında milli liderimiz Heydər Əliyevin qalib çıxmasının nəticəsində qəbul edilmişdir. Heydər Əliyevin mövqeyini 53 dünya dövləti dəstəkləyir. Heydər Əliyev ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə bu prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olur. Həmin prinsiplər aşağıdakılardı:
- Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması
- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi
- Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi
Rəsmi materiallarda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı il 2 dekabr Lissabon Zirvə görüşündə səsləndirilən nitqində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verib. Heydər Əliyev çıxışında Ermənistan tərəfinin bu münaqişədə məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib, bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan edib. Bəli, bir həqiqət danılmazdır - biz Qarabağ zəfərinə vaxtilə Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və siyasi mübarizəsi nəticəsində nail olmuşuq.
 Heydər Əliyevin irsi – həm Qarabağ zəfərinin bünövrəsi, həm də gələcək nəsillərin xoşbəxt və firavan həyatının zəminidir.
1997-ci ilin iyun ayından başlayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri məhz Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət təkliflərlə çıxış etmişlər - Dağlıq Qarabağın ətrafında yerləşən 7 işğal olunmuş rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair. Onların təqdim etdikləri ilk təklif münaqişənin “paket” həllini nəzərdə tuturdu, yəni Dağlıq Qarabağın statusunun müəyyən edilməsi bütün məsələlərə baxılması ilə eyni vaxtda baş verməli idi. İkinci təklif isə münaqişənin “mərhələli həll” təklifi idi. O zamanlar Azərbaycan Prezidenti olan Heydər Əliyev həmin planlarla tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etmişdi. Ermənistan Prezidenti Levon Ter-Petrosyan isə ikinci təkliflə razılaşdı. Belə bir vəziyyətə Milli liderimiz çox böyük əzm, cəsarət və diplomatik məharətlə ona təzyiq göstərməyə çalışan Minsk Qrupunun planlarının həyata keçməsinə izn vermənişdir: “Minsk Qrupu həmsədrlərinin təmsilçiləri uzun sürən fasilədən sonra, görünür, danışıqlar prosesini yenidən canlandırmaq istəyi ilə 1997-ci il noyabrın 9-da Azərbaycan tərəfini çox məyus edən və danışıqların davam etdirilməsinə imkan yaratmayan sayca üçüncü təklifi irəli sürmüşlər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı və ATƏT-in iki sammitinin təsdiq etdiyi qərarlardan və prinsiplərdən irəli gələn əvvəlki mövqedən geri çəkilməkdən başqa bir şey deyildi. Bununla ümummilli liderimiz Heydər Əliyev bir daha yüksək siyasi iradəyə malik olan dahi dövlət xadimi olduğunu sübut etmiş və Azərbaycan Respublikasının dövlət mənafeyinə zidd heç bir planın baş tutmayacaqını böyük cəsarətlə bütün dünyaya bəyan etmişdir.
1999-cu il ərzində Amerika Birləşmiş Ştatlarının rəhbərliyi, prezident Klinton, dövlət katibi xanım Olbraytın xahişi ilə Heydər Əliyev bir neçə dəfə Robert Koçaryanla görüşüb danışıqlar aparmış, hətta bu danışıqlar prosesində mövqelərin xeyli yaxınlaşması da baş tutmuşdur, lakin həmin ildə Ermənistan parlamentində baş verən terror hadisəsindən sonra Ermənistan əldə edilmiş razılaşmalardan yenə də imtina etmişdir.
Dahi rəhbər Heydər Əliyevin dünya siyasətində ən mühüm uğurlarından biri də o olmuşdur ki, bütün maneələrə baxmayaraq, Cənubi Qafqazda qlobal iqtisadi layihələrin təməlini qoyub uğurla həyata keçirdərək böyük dövlətləri ermənipərəst mövqelərindən uzaqlaşdırıb regionda iqtisadi maraqlar müstəvisinə cəlb etməyi məharətlə bacarmışdır. Bunun bariz sübutu 20 sentyabr 1994-cü ildə Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyəti nəticəsinda bağlanan Əsrin kontraktının 2017-ci ildə daha 50 il müddətinə uzadılması, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında mühüm nəqliyyat dəhlizi olan tarixi Böyük İpək Yolunun bərpası strategiyası, bir-birinin ardınca həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz layihələrinin təməlinin qoyulması ilə yaradılmış iqtisadi amilin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində getdikcə daha önəmli rol oynamağa başlamasıdır. Eyni zamanda Azərbaycan Respublikasının TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İqtisadi Komissiyası ilə sıx əməkdaşlıq yaradılmışdı. Bunun nəticəsində 1995-1998-ci illərdə Avropa-Asiya istiqamətində tranzit yüklərin daşınmasında respublikamızın nəqliyyat kommunikasiyasından istifadə edilmiş və onun yükdaşıma dövriyyəsi 10 dəfə artmışdı. Beləliklə, Azərbaycan xalqının ümummilli lideri özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq 2003-cü ilədək davam edən gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi baza yaratdı, və ən əsası, Azərbaycana əbədi tarixi zəfər qazandıran ordumuzun quruculuğu ilə bağlı islahatlar unudul­maz Heydər Əliyevin adı ilə bağlıdır. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunların qəbul edilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, ordunun maddi-texniki təminatı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmişdir.
Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri ona minnətdar olan xalqın tarixində və hafizəsində əbədiyyən yaşayacaq. Parlaq istedada, nəcib insani keyfiyyətlərə malik böyük siyasi və dövlət xadimi kimi Heydər Əliyevin əziz xatirəsi xalqımızın dilində canlı bir əfsanədir. Dünya siyasətində tanınmış, parlaq siyasi lider olan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda qüdrətli Silahlı Qüvvələrin yaradılması, cəbhədə atəşkəsin əldə edilməsi, iqtisadiyyatın canlandırılması və Qafqazın qeosiyasi xəritəsini dəyişən qlobal iqtisadi proyektlərin reallaşması kimi möhtəşəm işləri müasir Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələridir.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı.Prezident Cənab İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi.

Ümummilli lider Heydər Əliyevin təyin edib həyata keçirtdiyi müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş İlham Əliyevin mərdi-mərdanə və böyük cəsarətlə məqsədyönlü addımlar ataraq qondarma Dağlıq Qarabağ probleminin ədalətli həllininə nail oldu -. Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı silah gücünə azad etdi. Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan tarixi hadisə - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və dövlət sərhədlərinin bərpa olunması baş verdi.

Kəmalə Abbaszadə,
Humanitar fənlər təmayüllü liseyin tarix müəllimi