Son illər dünyada, eləcə də ölkəmizdə sepsis səbəbindən baş verən ölümlərin sayı artmaqda davam edir. Adətən “qan zəhərlənməsi” kimi tanınan bu sindrom çox vaxt sadə bir infeksiyanın nəzarətsiz şəkildə bədənə yayılması nəticəsində yaranır və qısa müddətdə həyati orqanların fəaliyyətini iflic edir.
Bəs sepsisə səbəb nədir?
Tibbi baxımdan sepsis immun sisteminin infeksiyaya qarşı həddindən artıq reaksiya verməsi nəticəsində orqanizmin özünə zərər vurması halıdır. Bu zaman bədənin immunitet sistemi həddindən artıq güclənir və infeksiya ilə mübarizə aparmaq əvəzinə bədənə hücum etməyə başlayır. Vaxtında müalicə edilmədikdə toxuma zədələnməsi, orqan çatışmazlığı və ölüm baş verə bilər. Qeyd etmək lazımdır ki, bu xəstəlik dünyada ürək xəstəliyi və xərçəngdən sonra üçüncü aparıcı ölüm səbəbidir. Təəssüf ki, bu xəstəlik çox zaman gec müəyyən edilir və nəticəsi ölümcül olur.
Bu xəstəliyin əlamətləri hansılardır?
Sepsisin ilkin mərhələsində xəstələrdə yüksək hərarət və ya bunun tam əksinə çox aşağı hərarət, titrətmə, ürək döyüntüsünün sürətlənməsi və tənəffüsün çətinləşməsi, artan və səbəbi bilinməyən ağrılar, qanda trombositlərin sayında kəskin azalma, halsızlıq, şüur bulanıqlığı, tərləmə və təzyiqin düşməsi, eləcə də dərinin solğun və ya ləkəli görünməsi kimi əlamətlər müşahidə olunur. Bu simptomlar çox zaman qrip, pnevmoniya və ya başqa infeksiyalarla səhv salınır. Nəticədə düzgün diaqnozun gec qoyulması həyatla ölüm arasında fərq yarada bilir. Yaşlılar üçün isə sepsisin ən çox görülən əlaməti çaşqınlıq və ya orientasiyanın pozulmasıdır. Hər hansı bir infeksiya növü sepsisə səbəb ola bilər, lakin yaşlı insanlar arasında sepsisə səbəb olan ən geniş yayılmış infeksiyalar pnevmoniya və sidik yollarının infeksiyalarıdır.
Risk qrupuna kimlər daxildir?
Həkimlərin sözlərinə görə, sepsis hər yaş qrupundan olan insanda inkişaf edə bilər. Lakin xüsusilə 65 yaş və həmin yaşdan yuxarı insanlar, bir yaşdan kiçik uşaqlar, diabet, ağciyər, böyrək və xərçəng kimi xroniki xəstəlikləri olan, immun sistemi zəif şəxslər risk qrupuna daxildir. Xüsusilə yaxın zamanda infeksiya, əməliyyat, doğuş, yara, diş absesi və ya sidik yolları infeksiyası keçirmiş şəxslərdə yuxarıda qeyd olunan əlamətlərin yaranması sepsis riskini artırır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bununla bağlı ilk məruzəsində qeyd olunur ki, sepsis nəticəsində ildə 11 milyon insan, o cümlədən uşaqlar həyatını itirir. Daha bir milyon nəfər isə bu xəstəlikdən sonra şikəstə çevrilir. Xəstəliyin təhlükəli tərəfi onun sürətlə irəliləməsi və ilkin mərhələdə digər xəstəliklərin simptomlarını təqlid etməsidir. ÜST-nin ekspertləri bildirirlər ki, sepsislə bağlı tədqiqatlar əsasən yüksək gəlirə malik ölkələrin xəstəxanalarında aparılıb və ona görə də alimlər bütöv mənzərəyə sahib deyillər. Bundan başqa, müxtəlif ölkələrdə sepsisin diaqnostikası meyarlarında fərqlər mövcuddur ki, bu da qlobal səviyyədə vəziyyəti əks etdirəcək statistikanın toplanmasına maneə olur. ÜST müəyyən edib ki, orqanizmin infeksiyaya cavabı onun öz toxuma və orqanlarının zədələnməsinə gətirib çıxara və ölümə, yaxud vəziyyətin ciddi şəkildə pisləşməsinə səbəb ola bilər. Əgər sepsis ilkin mərhələdə müəyyən olunmazsa, o halda septik şok, bəzi orqanların çatışmazlığı və ölüm halı baş verə bilər.
Təəssüf ki, sepsis yalnız fərdi sağlamlıq problemi deyil, eyni zamanda, səhiyyə sistemlərinin effektivliyini sınağa çəkən qlobal bir çağırışdır. Çünki xəstəliyin qarşısını almağın yeganə yolu vaxtında tibbi müdaxilə və erkən diaqnozdur. Bu səbəbdən də, həkimlər hər hansı infeksiya zamanı özbaşına dərman qəbul etməməyin, hərarət və halsızlıq kimi əlamətləri yüngül qəbul etməməyin vacibliyini vurğulayırlar. Gözəgörünməz, lakin hər gün daha çox ailəyə faciə yaşadan bu xəstəliyin riskini azalda biləcək yeganə vasitələr- erkən reaksiya, həkimə vaxtında müraciət və gigiyenik qaydalara ciddi riayət etməkdir. Hər bir insan bilməlidir ki, cüzi bir infeksiya belə, diqqətsizlik nəticəsində ölümcül nəticəyə gətirib çıxara bilər.
Şahnigar Əhmədova, “İki sahil”
Xalqa xidmət edin, xalqla bir yerdə olun - Prezidentin icra başçılarına tapşırığı