Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetində “Mərkəzi Asiyanın bioloji müxtəlifliyinin qorunması: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və Torpaqların meliorasiyası laboratoriyasının müdiri aqrar elmlər doktoru Mustafa Mustafayev iştirak ediblər.
İnstitutdan “İki sahil”ə bildirilib ki, Əlövsət Quliyev konfransda “Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın torpaqlarının ekomeliorativ vəziyyəti və onun tənzimlənməsi yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı Orta Asiyada su çatışmazlığı problemi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri və qədim suvarma sistemlərinin müasir dövrdə bərpası yolları barədə elmi müzakirələr aparılıb.
Eyni zamanda, alim “Hidravlik irs: Qarabağın azad edilmiş ərazilərində kəhrizlər və landşaft dinamikası” mövzusunda çıxış edib. O, azad olunmuş Qarabağ ərazilərində kəhrizlərin texniki vəziyyəti, bərpa potensialı, aparılmış hidrogeoloji tədqiqatların nəticələri, habelə kəhrizlərin su və torpaq resurslarının davamlı idarə olunmasında mühüm rolu barədə məlumat verib. Həmçinin Orta Asiyada qanat sistemlərinin oxşar problemləri və onların bərpası təcrübələri ilə müqayisəli elmi yanaşma təqdim edilib.
Konfransın “Biomüxtəlifliyin və ekosistem xidmətlərinin qorunmasında ekoloji təhsil və maarifləndirmə” bölməsində Azərbaycan nümayəndə heyəti də fəal iştirak edib. Mustafa Mustafayevin moderatorluq etdiyi bölmədə “Kür–Araz ovalığının suvarılan torpaqlarının hazırkı meliorativ vəziyyəti və onun yaxşılaşdırılması yolları” mövzusu ətrafında elmi müzakirələr aparılıb.
Sessiyalar zamanı bioloji müxtəlifliyin qorunması, ekosistemlərin davamlı idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma məsələləri müzakirə olunub. Konfrans Mərkəzi Asiyada ekoloji təhlükəsizlik və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm elmi platforma kimi dəyərləndirilib.
Həmçinin professor Əlövsət Quliyev ilə Qazax Milli Universitetinin rektoru professor Jansəyit Tüyməbayev ilə görüş keçirilib. Görüşdə iki elm müəssisəsi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, birgə elmi layihələrin genişləndirilməsi və mütəxəssis hazırlığı istiqamətində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Bildirilib ki, Mustafa Mustafayev “Qərbi Qazaxıstan regionunun yaşıl inkişaf kontekstində təbii-təsərrüfat və sosial-iqtisadi sistemlərinin dayanıqlı inkişafı: kompleks təhlil, konsepsiya, proqnoz qiymətləndirmə və ssenarilər” mövzusunda beynəlxalq qrant layihəsində iştirak edir.
Qazax Milli Universiteti ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında artıq bir neçə ildir ki, elmi əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində elmi tədqiqatların aparılması, ixtisasartırma proqramlarının təşkili və təcrübə mübadiləsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Son 3 il ərzində universitetin 5 əməkdaşı institutda ixtisasartırma proqramlarında iştirak edərək torpaq elmi, aqrokimya və ekoloji təhlil sahələrində bilik və bacarıqlarını daha da təkmilləşdiriblər. Hazırda tərəflər bu əməkdaşlığı daha da genişləndirməyi, yeni ixtisasartırma və təcrübə proqramlarının davam etdirilməsini planlaşdırırlar. Qarşıdakı illərdə bu əməkdaşlıq çərçivəsində doktorantlar və gənc tədqiqatçılar üçün təcrübə imkanlarının artırılması, həmçinin beynəlxalq layihələrdə birgə iştirakın gücləndirilməsi nəzərdə tutulur.
Rektor Jansəyit Tüyməbayev elmi əməkdaşlığın daha da genişləndirilməsi üçün müvafiq tapşırıqlar verib və yeni birgə elmi layihələrin reallaşdırılması, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub. Ona “Azərbaycan kəhrizləri” və “Çuxurdərə gölləri və keçmiş Yod Brom Zavodu” kitablarının ingilis dili versiyası, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “80 illik yubileyi” münasibətilə nəşr olunmuş kitab hədiyyə edilib. Tərəflər yeni birgə elmi layihələrin reallaşdırılması və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Daha sonra Qazax Milli Universitetinin dəvəti ilə professor Əlövsət Quliyev tələbələr üçün ustad dərsi keçib. Alim gənc tədqiqatçılara torpaqşünaslığın müasir istiqamətləri, ekosistemlərin bərpası barədə məlumat verib.
Konfrans çərçivəsində alimlər Əl-Fərabi Elmi kitabxanası, Almatı Botanika Bağı və Almatı Dövlət Təbiət Qoruğu ilə tanış olublar.
Sonda alimlər Talgar şəhərində ağacəkmə aksiyasında iştirak edərək ekoloji həmrəyliyə dəstək nümayiş etdiriblər. Aksiya çərçivəsində ekoloji maarifləndirmə, gənclərin təbiətin mühafizəsi prosesinə cəlb olunması və ekoloji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.