"Claudia" qasırğasının yaratdığı əlverişsiz hava şəraiti səbəbindən Portuqaliyada üç nəfər həlak olub, onlarla insan xəsarət alıb. Təbiət hadisəsi həmçinin Uels və İngiltərədə (Böyük Britaniya) daşqınlara səbəb olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Portuqaliyada və qonşu İspaniyanın bəzi bölgələrində artıq bir neçə gündür, "Claudia" qasırğasının yaratdığı ekstremal şərait müşahidə olunur. Qasırğa şənbə günü Böyük Britaniya və İrlandiyanın bəzi bölgələrinə də çatıb", – məqalədə qeyd olunub.
Bildirilib ki, cümə axşamı xilasedicilər Teju çayı sahilində, Lissabon yaxınlığındakı Fernan-Ferru bölgəsində daşqın nəticəsində su basmış evdə yaşlı cütlüyün cəsədlərini tapıblar. Şənbə günü isə Portuqaliyanın cənubundakı Albufeyra şəhərində tornado baş verib, nəticədə 85 yaşlı qadın həlak olub. Yaxınlıqdakı oteldə 28 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib və vəziyyətləri kritikdir.
Böyük Britaniyada təbiət hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan olunub. Qasırğa Monmut şəhərində və Uelsin cənub-şərqindəki ətraf bölgələrdə daşqınlara səbəb olub, evlərə, müəssisələrə, nəqliyyat və enerji infrastrukturuna ziyan dəyib. Cənubi Uelsin yanğın-xilasetmə xidməti əhalinin təxliyə olunduğunu bildirib.
"Report"