16 noyabr 2025 19:10
96

Yaponiyanın yeni baş nazirinin reytinqi yüksəlib

Yaponiyanın yeni Baş naziri Sanae Takaiti rəhbərlik etdiyi hökumətin təsdiq reytinqi qurulduğu aydan bəri artıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi tərəfindən keçirilən sorğunun nəticələri göstərir.

Məlumata əsasən, Takaiti kabinetinə dəstək reytinqi 5,5 faiz bəndi artaraq 69,9%-ə çatıb.

Baş nazirin müdafiə xərclərini artırmaq niyyətini sorğuda iştirak edənlərin 60,4%-i dəstəkləyib, 34,7%-i isə buna qarşı çıxıb.

Yaponiya sakinlərinin Takaitinin Tayvanla bağlı açıqlamaları səbəbindən Çinlə münasibətlərin gərginləşməsi barədə fikirləri bölünüb. Sorğuda iştirak edənlərin 48,8%-i baş naziri dəstəkləyib. O, parlamentdə çıxışı zamanı Tayvanda mümkün hərbi böhranın mövcudluğa təhdid yaradacağını və bunun Yaponiyanı kollektiv özünümüdafiə hüququndan istifadə etməyə məcbur edə biləcəyini bildirmişdi. 44,2% isə baş nazirin bu sözlərini tənqid edib.

Ümumxalq sorğusu 15-16 noyabr tarixlərində keçirilib, iştirakçıların sayı hələlik açıqlanmayıb.

Xatırladaq ki, 21 oktyabrda parlamentin əsas – aşağı palatası səs çoxluğu ilə Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiti Yaponiyanın 104-cü baş naziri seçib. Takaichi ölkənin tarixində ilk qadın baş nazir olub.