Almaniyada aviasiya sektorunun vergi yükünün azaldılmasına dair qərarın qəbulundan sonra hakim koalisiyada təmsil olunan CDU/CSU İttifaqı aviabiletlərin qiymətlərinin də aşağı salınmasını tələb edir.
“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ittifaqın nəqliyyat üzrə mütəxəssisləri aviaşirkətlər üçün nəzərdə tutulan vergi güzəştlərinin nəticə etibarilə sərnişinlərin də xeyrinə olmasının vacibliyini bildiriblər.
Qeyd edək ki, qəbul olunan qərara əsasən, 2026-cı ilin iyulun 1-dən etibarən hava nəqliyyatı vergisi 2024-cü ildə edilən artımdan əvvəlki səviyyəyə endiriləcək. Bu addımın sektora təqribən 350 milyon avro maliyyə yüngüllüyü gətirəcəyi nəzərdə tutulur. Həmçinin 2026-cı ildə hava hərəkətinin idarəolunması üzrə rüsumlarda artım olmayacaq, əksinə, onların azaldılması planlaşdırılır. 2029-cu ilədək bu rüsumların ümumilikdə 10 faizdən çox endirilməsi nəzərdə tutulur. Hava limanlarında təhlükəsizlik yoxlamalarının da daha səmərəli təşkili ilə xərclərin azaldılması hədəflənir.
İttifaqın təmsilçiləri hesab edirlər ki, vergi və rüsum yükünün azalması ölkədə hava nəqliyyatının əlçatanlığını artırmalı, xüsusilə də ailələr üçün yay mövsümündə səyahət imkanlarını yaxşılaşdırmalıdır. Onlar aviaşirkətləri, o cümlədən “Lufthansa”nı qiymət siyasətinə yenidən baxmağa və əvvəl dayandırılmış bəzi marşrutları bərpa etməyə çağırırlar.
Aviaşirkətlər isə vergi güzəştlərinin bilet qiymətlərinə necə təsir edəcəyinin digər əməliyyat xərclərindən asılı olacağını bildirirlər. Sektor nümayəndələrinə görə, vergi yükünün azaldılması Almaniyanın hava limanlarında uçuş təklifinin qorunması baxımından vacibdir.