16 noyabr 2025 21:41
107

İsrail hərbçiləri BMT sülhməramlılarına atəş açıb

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda BMT sülhməramlılarına atəş açıb.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mətbuat katibi məlumat yayıb.

"Bu səhər İsrail hərbçiləri Livanda İsrailin nəzarətində olan mövqe yaxınlığında Merkava tankından BMT-nin sülhməramlılarını atəşə tutub. Ağır silahlardan atılan güllələr piyada və gizlənməyə məcbur olan sülhməramlılardan təxminən beş metr aralıda düşüb", - missiyanın məlumatında bildirilib.

Sülhməramlılar rabitə kanalları vasitəsilə İsraildən atəşi dayandırmağı xahiş ediblər. Onlar 30 dəqiqədən sonra ərazini təhlükəsiz tərk edə biliblər. Heç kim xəsarət almayıb.

Vurğulanıb ki, bu cür hərəkətlər BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin İsrail tərəfindən ciddi şəkildə pozulmasıdır.

Daha sonra İsrail ordusunun sözçüsü sülhməramlıların atəşə tutulması ilə bağlı bəyanatını şərh edib:

"İsrail ordusu Livanın cənubunda iki şübhəli şəxsə xəbərdarlıq atəşi açıb. Araşdırmalardan sonra müəyyən edilib ki, şübhəlilər ərazidə patrulluq edən BMT əməkdaşlarıdır. Əlavə araşdırma aparılır".