17 noyabr 2025 08:27
96

Tramp: Maduro ilə müzakirələrimiz ola bilər

Ağ Evin rəhbəri Donald Tramp Venesuela rəhbərliyinin ABŞ-la danışıqlara ümid etdiyini iddia edib.

“İki sahil” xəbər verir ki, o, bunu Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Bizim müzakirələrimiz ola bilər. Venesuela prezidenti Nikolas Maduro ilə müzakirələrimiz ola bilər. Bunun hara getdiyini görəcəyik", - Tramp bildirib.

Trampa həmçinin onun administrasiyasının Venesuela ilə bağlı mümkün hərəkətləri ABŞ Konqresi ilə koordinasiya edib-etmədiyini soruşublar: "Biz Konqresin də iştirakını istərdik. Əslində onlardan icazə almağa ehtiyacımız yoxdur, amma məncə, onlara məlumat verilsəydi, yaxşı olardı", o əlavə edib.

Maduro dəfələrlə xəbərdarlıq edib ki, ölkəsi son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzədir. Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir.

ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir nüvə sualtı qayığı və 16 mindən çox şəxsi heyət yerləşdirib və sentyabr ayından bəri Venesueladan narkotik qaçaqmalçılığı ilə bağlı beynəlxalq sularda ən azı 20 sürətli qayığı və 76 nəfəri zərərsizləşdirib.