17 noyabr 2025 13:55
99

Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpüdür

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm regional, həm də qlobal miqyasda baş verən geosiyasi proseslər ölkələrin daha sıx əməkdaşlığını təşviq edir. Azərbaycanın bu sahədə atdığı addımlar,  dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə birgə təmaslar, imzalanan çoxsaylı sənədlər də bunun bariz nümunəsidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov "İki sahil"ə bildirib ki, Azərbaycan-Mərkəzi Asiya münasibətləri Türk dünyasının güclənməsi, TDT daxilində əlaqələrin daha da yaxşılaşması, eləcə də milli, regional və qlobal inkişaf baxımından mühüm strateji məzmuna malikdir.

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur” fikirləri də qeyd edilənləri bir daha təsdiq edir.

İşğaldan azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya ölkələrinin yaxından iştirakı, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, Ağdamda Manas məktəbinin fəaliyyət göstərməsi, Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzi olan məscidin tikintisi, Özbəkistan şirkətinin iştirakı ilə Xankəndidə toxuculuq fabrikinin açılışı və s. özbək, qazax, qırğız və türkmən qardaşlığının – TÜRK BİRLİYİNİN bir nümunəsidir.

Azərbaycanla Mərkəzi Asiya ölkələrini tarixi köklər, çoxşaxəli əlaqələrlə yanaşı, həm də nəqliyyat-kommunikasiya yolları birləşdirir. Beynəlxalq ticarət dövriyyəsində həlledici rol oynayan irimiqyaslı nəqliyyat layihələri nəinki regional və qlobal tərəqqiyə təkan verir, eyni zamanda dünyada resursların ədalətli bölgüsünü təmin etmək kimi bir sülh, əmin-amanlıq, yüksək rifah amilinə çevrilib.  Bu baxımdan da, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə də səsləndiyi kimi, nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi, regional və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritetlər kimi qəbul edilir.

Aqil Əsədovun sözlərinə görə, sürətli inteqrasiya prosesləri ilə xarakterizə olunan müasir dövrdə insanların və yüklərin hərəkətliliyinin artması, daşıma proseslərinin intensivləşməsi uzunmüddətli iqtisadi inkişafın əsas çağırışlarından biridir. Beynəlxalq nəqliyyat dəhlizləri üzrə daşımaların həcm və dövriyyəsində ilbəil müşahidə edilən dinamik artımlar da bunu bir daha təsdiq edir. Dünyanın əsas istehsal – yük mərkəzi olan Çin dövlətini Avropa ilə birləşdirən Orta dəhliz üzrə daşımaların təkcə son üç ildə 90% artması, dəhliz boyunca limanlarda və müxtəlif ərazilərdə yerləşən “darboğaz”larda aparılan təkmilləşdirmə işləri, gömrük proseslərinin rəqəmsallaşdırılması, elektronlaşdırma tədbirləri nəqliyyat-tranzit xidmətlərinin prioritetliyini bir daha önə çıxarır.

Orta dəhlizin əsas nəqliyyat-tranzit qovşağı olan Azərbaycanda illik buraxılış qabiliyyəti 25 milyon ton olan Ələt Beynəlxalq Limanının tikintisi, 400 hektar ərazidə avtomobil, dəmir yolu, su, hava daşımalarının birləşdiyi əhəmiyyətli bir qovşağın formalaşdırılması, tranzit daşımaların daha çevik təşkili və infrastruktur təminatının davamlı şəkildə təkmilləşdirilməsi istiqamətində ardıcıl həyata keçirilən layihə və proqramlar ölkəmizdə nəqliyyat sektoruna dövlət qayğısının, eləcə də bu sektordan gözləntilərin real nümunələridir.

Regionda doqquz beynəlxalq hava limanı, ən böyük mülki yük aviasiya donanmasına malik olmaqla yanaşı, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyi məsələsində də Mərkəzi Asiya dövlətləri ilə sıx əməkdaşlıq edir. “Rəqəmsal İpək yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi qardaş türk respublikalarının elektrik enerjisi ehtiyatlarının Avropa bazarlarına çıxışını təmin edəcək ki, bu da regional əməkdaşlığı gücləndirməklə yanaşı, həm də siyasi-strateji baxımdan ölkələrimizin nüfuzunu yüksəldəcək.  Nəzərə alsaq ki, Azərbaycan Respublikası işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib, ölkəmizdə alternativ enerji potensialından istifadə istiqamətində genişmiqyaslı işlər aparılır, beynəlxalq investisiyalar cəlb edilir, o cümlədən Mərkəzi Asiya respublikaları da zəngin alternativ enerji potensialına malikdir, onda adıçəkilən fiber-optik kabel şəbəkəsinin strateji əhəmiyyəti aydın olur.

Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya arasında çoxşaxəli münasibətlərin uzunmüddətli inkişafının prioritetləridir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması isə inkişaf perpektivlərini daha da gücləndirəcək. İlk dövrlərdə 15 milyon tona yaxın yükaşırma qabiliyyətinə malik Zəngəzur dəhlizi həm daşımaların həcm və intensivliyini artırmaqla iqtisadi münasibətləri inkişaf etdirəcək, həm də TDT üzvləri arasında birbaşa bağlantını təmin etməklə strateji əhəmiyyət daşıyacaq.