16 mart 2026 14:03
120

Azərbaycandan dünyaya sülh və təhlükəsizlik çağırışları

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu olduqca əhəmiyyətlidir. Xüsusi ilə də indiki mürəkkəb və çətin dövrdə bu platformada  müzakirə olunan məsələlər, edilən tövsiyələr, səslənən təkliflər sülh və təhlükəsizliyin təmin edilməsi baxımından önəmli rol oynayır. Hər il olduğu kimi,  bu dəfə də Forumda  dünyanın müxtəlif ölkələrindən nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak etdilər.  Hazırda gərginliyin davam etdiyi bir zamanda, beynəlxalq səviyyəli tədbirdə iştirak etmək üçün  400  qonağın Azərbaycana səfər etməsi  bir daha göstərir ki, Qlobal Bakı Forumu özünü təsdiq edib.

Bu gün beynəlxalq arenada vəziyyət sadəcə narahat edici deyil, həm də  bəşəriyyətin gələcəyi ilə bağlı çox düşündürücüdür. Son zamanlar "sülh" sözü hər yerdə səsləndirilir. Və baş verən geosiyasi proseslər fonunda  deyə bilərik ki, davamlı sülhə nail olmaq olduqca çətindir. Elə buna görə də, bu gün onun haqqında danışmaq vacibdir və zəruridir. Amma, bu sadəcə sözdə olmalı deyil, ölkələr sivilizasiyanın gələcəyi üçün vacib olan bu anlayışın mahiyyətini həqiqətən başa düşdüyünü öz davranışları və mövqeləri ilə  nümayiş etdirməlidirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan bu mahiyyəti birbaşa hiss edən və anlayan azsaylı ölkələrdən biridir. Və Azərbaycan Prezidenti sülhdən danışanda sadəcə mövcud tendensiyalara hörmət etmir. O, sülhün dəyərini və dinc yaşamağın nə demək olduğunu aydın şəkildə başa düşür.

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda keçirilən 13-cü Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq bildirdi ki: “İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”. Bu, vacib və aktual mövzudur. Beynəlxalq münaqişələrin mürəkkəbliyinə və dövlətlər arasında sürətlə dəyişən birgəyaşayış normaları və qaydalarına baxmayaraq, fikir ayrılıqlarının aradan qaldırılması yolu kimi diplomatiyaya qayıtmaq şansı qalır. Bu məsələdə də Bakının xeyli təcrübəsi var və onu bölüşməyə hazırdır.

30 ilə yaxın Azərbaycanın tarixi əraziləri Ermənistanın işğalına məruz qalıb, 1 milyondan çox insan öz doğma yurdunda qaçqın və məcburi vəziyyətinə düşüb,  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, iki qanlı müharibə olub, amma indi dünənki düşmənlər sülh yoluna qədəm qoyublar və bu sülh gerçəkdir. Azərbaycan  işğal olunmuş əraziləri güc vasitəsilə azad etdi və sülhə siyasi yollarla nail oldu. Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə Qlobal Bakı Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev vəziyyəti unikal adlandırıb: “ Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”.

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da unikaldır. Ölkə başçısının dediyi kimi: “Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”.

O, vurğulayıb ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul etməklə nail olmuşuq.  Və bu, həqiqətən də belədir. İki ölkə arasında sülh real və əlçatandır. Sərhəddə artıq atışma yoxdur, itki yoxdur, hər şey sakitdir. Regionun əvvəlki otuz beş illik tarixini nəzərə alsaq, bu, böyük bir nailiyyətdir. İlham Əliyev həmin dövr haqqında qısa, danışdı və bildirdi ki, bu, sadəcə nəzəriyyə deyil, mövcud münaqişələrin həlli yollarını axtararkən mütləq nəzərə alınacaq real təcrübədir: “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir”.

Bəziləri güclərin toqquşduğu vəziyyətə tətbiq edildikdə kiçik Cənubi Qafqaz ölkələrinin təcrübəsini əhəmiyyətsiz hesab edə bilərlər. Lakin müharibə və sülh prinsipləri həmişə eynidir. Diplomatiya prinsipləri də eynidir. Silahlı münaqişənin nəticələri də eynidir. Ətrafımızdakı hər şey qarışıqlıq içində olsa da, bir neçə yüz qonağın qatıldığı forum Bakıda toplanır, çünki Azərbaycan təhlükəsiz və sabitdir, çünki Xəzərdən Qara dənizə qədər məkanda artıq heç bir qarşıdurma və ya gərginlik yoxdur. Həm də ona görə ki, Bakı mürəkkəb problemləri necə həll etməyi və gərginliyin başlanğıcını necə aradan qaldırmağı bilir. O, danışıqları necə aparmağı bilir. Bu yaxınlarda İrana göndərilən humanitar yardım bunun bariz nümunəsidir. Bu addımı atan ilk ölkə Azərbaycan oldu. Daha sonra Rusiya İrana humanitar yardım göndərmək niyyətini açıqladı. Başqa sözlə, Bakı hətta İranın müttəfiqlərinin belə tərəddüd etdiyi bir şey etdi.

Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyev dedi: " Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq”.

Sülhdən əvvəl Ermənistan belə layihələri  bir hissəsi olmağı xəyal belə edə bilməzdi. Qonşusunun ərazisini ələ keçirən ölkə təcrid olunmuşdu.  Münaqişə səbəbindən son dərəcə məhdud diplomatik, siyasi və iqtisadi imkanları nəzərə alınmaqla, onun qəyyumları və müttəfiqləri də onunla əlaqə qurmaq istəmirdilər. Yalnız düşmən bu gün vəziyyətin nə qədər dəyişdiyini görməyə bilər. Bakı və Yerevanın sülh gündəliyi artıq həm Qərb, həm də Şərq tərəfindən qəbul edilib. Bu iki kiçik ölkə çox faydalı ola biləcək bir nümunə göstərib.

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. İrandakı böhran və Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda ənənəvi nəqliyyat marşrutları pozulur və logistika yeni çətinliklərlə üzləşir. Bu şəraitdə Azərbaycan beynəlxalq yük və sərnişin axınları üçün etibarlı və təhlükəsiz tranzit mərkəzi olduğunu sübut etmişdir. Bu, Prezident İlham Əliyevin uzaqgörən strategiyasının nəticəsidir. Onun siyasəti infrastrukturun inkişafını, diplomatik praqmatizmi və milli maraqların strateji anlaşılmasını birləşdirərək ölkənin coğrafi yerini təsir vasitəsinə çevirir. Son illərdə Azərbaycan nəqliyyat layihələrində regional oyunçudan Avrasiya logistikası üçün əsas mərkəzə çevrilmişdir. Bu gün ölkə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirir və ən çətin şəraitdə belə axınların proqnozlaşdırıla bilənliyini və sabitliyini təmin edir. Daha dəqiq desək, hazırda vətəndaşlar İrandan Azərbaycan vasitəsilə təxliyə olunur. Ölkə artıq 2025-ci ilin yayında baş verən "12 günlük müharibə" zamanı oxşar təcrübə yaşamışdı. Bu gün hərbi əməliyyatların miqyası daha da böyükdür və coğrafiyası daha genişdir. Aviasiya logistikasında Azərbaycanın rolu xüsusilə vacibdir. İran və Fars körfəzi hava məkanının bağlanması bir çox aviaşirkəti uçuşların marşrutunu Bakı üzərindən dəyişdirməyə məcbur etdi. Ölkənin hava limanları beynəlxalq uçuşların təcili enişlərini qəbul edirdi və tranzit trafik eksponensial olaraq artmışdır. Bu gün Azərbaycan təkcə "adi" logistikada deyil, həm də "fövqəladə" vəziyyətlərdə mühüm rol oynayır. Qlobal Bakı Forumundakı çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın qlobal logistikadakı rolundan danışıb: " Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır”. Və ən mühüm amillərdən biri də odur ki, Azərbaycandan keçən tranzit daxili siyasi dalğalanmalara məruz qalmır və yükdaşıyanlar üçün bu, çox vaxt marşrutun texniki xüsusiyyətlərindən daha vacibdir.

Bu gün Azərbaycan sadəcə tranzit ölkəsi deyil. O, qitələr arasında etibarlı bir əlaqə, ölkələr və biznes üçün təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırıla bilənliyin qarantıdır. Strateji düşüncə, infrastruktur gücü və diplomatik çeviklik Bakını uğurlu dövlət siyasətinin nümunəsinə çevirmişdir. Bütün bu proseslər bir şeyi nümayiş etdirir: Prezident İlham Əliyevin gələcəyə yönəlmiş strategiyası sayəsində ölkə təkcə infrastrukturunu modernləşdirməklə kifayətlənməyib, həm də qlobal və regional səhnədə əsas oyunçuya çevrilmişdir. Dövlət başçısının rəhbərliyi altında ölkə logistika axınları və enerji marşrutları üçün mərkəz kimi mövqeyini möhkəmləndirməyə davam edir və Avrasiya əlaqəsinin yeni arxitekturasını formalaşdırır.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor