Noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu çərçivəsində “Enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, ADA Universitetinin Siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damjan Krnjevic Miškovicin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın enerji dəhlizləri, nəqliyyat marşrutları və formalaşan rəqəmsal şəbəkələr vasitəsilə Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas rolu təhlil olunub. Həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpaolunan enerji üzrə əməkdaşlıq və Orta Dəhliz kimi multimodal nəqliyyat marşrutlarının inkişafı müzakirə edilib.
Sessiyada çıxış edən Amerika Enerji Təhlükəsizliyi Təşəbbüsünün baş elmi işçisi və direktoru Brigam Makkoun (Brigham McCown) qeyd edib ki, qlobal enerji layihələrində ABŞ kimi dövlətlərin etimadını qazanmaq asan deyil. Lakin ABŞ-ın Trans-Xəzər nəqliyyat marşrutuna xüsusi maraq göstərməsi də məhz Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşması ilə bağlıdır. “Bu marşrutun strateji əhəmiyyəti gələcəkdə daha da artacaq. Trans-Xəzər marşrutu regional riskləri azaltmağa və enerji axınlarının dayanıqlılığını gücləndirməyə imkan yaradır.
Azərbaycan bu enerji əlaqələrinin mərkəzində yerləşir. Bu dəhlizlərin uğurlu fəaliyyəti üçün yalnız infrastruktur deyil, həm də səmərəli idarəetmə və maliyyələşdirmə mexanizmləri vacibdir. Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji potensialı da diqqət çəkir. ABŞ kimi ölkələr bu sahədə əməkdaşlıq etməyə və dəstək göstərməyə hazırdırlar”, - deyə B.Makkoun əlavə edib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd edib ki, enerji təhlükəsizliyi region üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi Azərbaycan qazını Avropaya çatdıran və Avropanın enerji şaxələndirməsinə töhfə verən əsas xətdir. Bu dəhlizdən həm Azərbaycan, həm Avropa ölkələri, həm də tranzit iştirakçılar kifayət qədər faydalanır. Sülh razılaşması və sabitlik isə bu və digər enerji layihələrinin daha dayanıqlı şəkildə inkişafına imkan verəcək. “Belə ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və Cənub Qaz Dəhlizi üzrə həcmlər hər il yüksəlməkdədir. Rəsmi göstəricilərə görə, 2021-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə xarici ölkələrə 17,8 milyard kubmetr qaz ixrac edib. 2024-cü ildə isə bu göstərici 22,9 milyard kubmetrə çatıb. Bu, 2021-ci illə müqayisədə 28,65 faiz artım deməkdir. Azərbaycanın enerji siyasəti təkcə region deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, TAP və TANAP kimi layihələrin ötürücülük qabiliyyətinin artırılması, eləcə də Xəzər hövzəsi üzrə yeni nəqliyyat marşrutları bu prosesə əlavə dinamika gətirir. Azərbaycanın artan enerji potensialı ölkənin qlobal enerji bazarındakı rolunu daha da gücləndirir və qarşıdakı illərdə qaz ixracının daha da artacağı gözlənilir”, - deyə V.Bayramov vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycan bu sinxron marşrut boyunca infrastrukturun yenilənməsinə rəhbərlik edir. Lakin biz anlayırıq ki, hər bir zəncir ən zəif halqası qədər möhkəmdir. Buna görə də infrastrukturun sinxron şəkildə yenilənməsi çox vacibdir.
O, həmçinin bildirib: “Biz bir-birimizlə müharibə etməməliyik, iqtisadi inkişaf üçün yeni imkanlar tapmalıyıq. Buna görə də biz ABŞ tərəfindən dəstəklənən TRIPP layihəsində çox maraqlıyıq”.
“Danube Institute US”in Tədqiqat Direktoru Carlos Roa enerji, texnologiya və kritik resurslara böyük tələbatın olduğuna diqqət çəkərək deyib: “Lakin investisiyalar yetərli deyil. Dövlət kapitalizmi çərçivəsində vəsaitlər milli maraqlar üçün ölkə daxilində yönəldilir. ABŞ və Avropa da milli maraqlarını qorumaq üçün xarici yardımları və pul axınlarını məhdudlaşdırır. Bu yeni model iqtisadi islahatları gücləndirir”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Şahmar Hacıyev isə qeyd edib ki, Azərbaycan bu prosesin mərkəzində dayanır və regionda strateji əhəmiyyətə malik bir enerji qovşağı funksiyasını daşıyır. “Ölkəmiz həm Mərkəzi Asiyanı, həm də Avropanı birləşdirən əsas tranzit məkanına çevrilir. Xüsusilə Cənub Qaz Dəhlizi, Trans-Xəzər marşrutu və digər regional layihələr enerji tədarük zəncirinin gücləndirilməsinə böyük töhfə verir.
Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji potensialı da kifayət qədər yüksəkdir. Külək, Günəş və yaşıl enerji layihələri ölkəmizin gələcək enerji xəritəsində mühüm yer tutur. Bu sahədə həyata keçirilən təşəbbüslər region üçün “yaşıl dəhlizlərin” yaradılmasına imkan verir və qlobal iqlim gündəliyinə uyğun şəkildə dayanıqlı inkişaf perspektivlərini gücləndirir.
Nəticə etibarilə, Azərbaycan həm ənənəvi enerji dəhlizlərinin inkişafında, həm də bərpaolunan enerji üzrə yeni əməkdaşlıq formatlarının qurulmasında aparıcı mövqeyə malikdir. Bu isə ölkəmizi regionun enerji təhlükəsizliyi və iqtisadi inteqrasiyası baxımından əvəzsiz tərəfdaşa çevirir”, - deyə Ş.Hacıyev vurğulayıb.
Sessiya müzakirələrlə davam edib.
“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair növbəti maarifləndirici görüş keçirilib
Agentlikdə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib
Şəki şəhərində sahibkarlar üçün “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş keçirilib