22 noyabr 2025 10:39
57

Problemlər taktiki sistemdə deyil, futbolçulardadır -  Mourinyo

Portuqaliya Kubokunun 1/16 final mərhələsində “Atletiku” üzərində 2:0 hesablı qələbəyə baxmayaraq, “Benfika”nın baş məşqçisi Joze Mourinyo komandasının oyunundan ciddi narazılıq bildirib.

“İki sahil” Portuqaliyanın “Record” nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında rəqibi yüksək qiymətləndirib: Atletiku’nun yaxşı təşkilatlanmış, istedadlı gəncləri var idi və bizə problemlər yarada bilərdilər. Amma biz ilk hissədə çox pis oynadıq. Futbolçuların işə qarşı münasibətinin zəif olması məni natahat edir. Fasilədə dörd dəyişiklik etdim, amma istərdim ki, doqquzunu edim. Hər bir oyuna ciddi yanaşmaq lazımdır”.

Portuqaliyalı mütəxəssis problemlərin taktiki sistemdə deyil, futbolçularda olduğunu deyib:
“Bu gün rotasiya etmişdik və bəzi əsas oyunçular ilk dəqiqədən meydanda deyildi. Mən onlara artıq demişəm ki, oynamadıqları zaman qapımı döyməsinlər. Mən ‘Benfika’nın baş məşqçisiyəm, məsuliyyət mənim üzərimdədir, amma futbolçuların da azarkeşlər qarşısında öz məsuliyyətləri var. Münasibətlə bağlı bəzi şeylər var ki, müzakirə edilə bilməz və mən onları qəbul etmirəm. Mən futbolçuları tənqid edirəmsə, bu, özümü də tənqid etməyim deməkdir, çünki onlardan maksimumu ala bilməmişəm”.

“Benfika” bu mövsüm Portuqaliya Kubokunda 1/8 finala yüksələn ilk klub olub. Mourinyonun komandasının növbəti rəqibi püşkatma ilə müəyyənləşəcək.