26 noyabr 2025 00:58
131

Dərman preparatları müəssisələrinin sayı artır

Məqsəd bu sahədə xarici ölkələrdən asılılığı minumuma endirməkdir

Ötən həftə Prezident İlham Əliyev ölkəmizdə daha bir tibbi dərman preparatları  müəssisəsinin açılışında iştirak etdi. Belə ki, noyabrın 22 – də Abşeron rayonunun Hökməli qəsəbəsində «Scandens Pharmaceutical Industries Ltd» MMC-nin dərman preparatları istehsalı müəssisəsi istifadəyə verildi. Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb. Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib.

Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.

Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. «Scandens Pharmaceutical Industries Ltd» MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və «Panon Pharma» şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti ölkəmizdə dərman vasitələrinin istehsalının daha da genişlənməsini prioritet məsələ kimi dəyərləndirir.  Çünki, bu həm iqtisadiyatımızın və səhiyyəmizin inkişafına ciddi dəstəkdir, həm də əhalinin daha etibarlı dərman vasitələri ilə təminatı deməkdir.  

Xatırladaq ki, cari ildə  Bakının Pirallahı rayonunda «Diamed» dərman istehsalı zavodunun açılışı da reallaşıb.  Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunur. Zavodun  illik istehsal gücü 20 milyon litrdir. Bildirilir ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı,  həm də növbəti mərhələdə xarici ölkələrə ixracı planlaşdırılır. İlkin ixrac bazarları kimi, əsasən, region ölkələri - Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və İran nəzərdən keçirilir.

Bəs ölkkəmizdə istehsal olunan dərman vasitələri bu sahədə idxala necə təsir edib? Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə ölkəyə dərman vasitələrinin idxalında 14,6 faiz azalma qeydə alınıb. Cari ilin yeddi  ayında isə 9,5 milyon manatlıq dərman istehsal edilib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 29 faiz, yəni 2,1 milyon manat artım deməkdir. Cari ilin avqustun 1-i tarixinə ölkədə 480,3 min manatlıq hazır dərman ehtiyatı var.

Ümumiyyətlə, Pirallahı Sənaye Parkında yeddi sahibkarlıq subyektinə rezidentlik statusu verilib və parkın investisiya həcmi 129 milyon manata yaxındır. İndiyə kimi sahibkarlar bu sahəyə 56 milyon manat civarında investisiya yatırıblar ki, bunun da sayəsində 150-dən çox daimi iş yeri yaratmaq mümkün olub. Həmin rezidentlərdən biri olan  «Diamed» dərman istehsalı zavodu ölkədə əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə mühüm töhfələr verir.

Hazırda yeddi rezidenti olan parkın 2 müəssisəsi fəaliyyət göstərir. Burada birdəfəlik şprislər (1, 2, 5, 10, 20, 50 ml), sterilləşdirilmiş damardaxili kateterlər, infuziya dəsti, lateks steril cərrahi əlcək, diabeton MR və digər məhsulların istehsalı həyata keçirilir. Yaxın perspektivdə masa üzərindəki layihələrin gerçəkləşdirilməsi ilə qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin, qan depolama və test qablarının, birdəfəlik üçkomponentli şprislərin, bioloji aktiv qida əlavələrinin, tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və digər dərman məhsullarının istehsalı planlaşdırılır. Bildirilib ki, sahibkarlar bu sahəyə böyük maraq göstərirlər və parkın ərazisi tam olaraq onların istifadəsinə verilib. Hazırda yeni ərazinin ayrılması istiqamətində də işlər aparılır.

Pirallahı Sənaye Parkının digər rezidenti «R-Pharm» zavodunda isə üç növ insulinin – RinGlar (insulin glargin), RinFast (insulin aspart) və RinFast Mix (ikifazalı insulin aspart) lokallaşdırılması, eyni zamanda, bu preparatların ölkə daxilində kommersiya məqsədilə satışa çıxarılması nəzərdə tutulur. Artıq lokallaşdırılmış insulinin ilk istehsalat mərhələsi başa çatdırılıb və mülki dövriyyəyə buraxılıb.

Elçin Zaman, «İki sahil»