Fuad Hüseynzadə: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində aparılan müzakirələr və qəbul olunan qərarlar Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir.
Noyabrın 24-də Bakıda “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumunun rəsmi açılış mərasimi keçirilməsi bunun əyani təsdiqidir. Ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbir olan forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.
Noyabrın 25-də TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan Muxtar respublikasında öz işini dabvam etdirib. Naxçıvanda baş tutan müzakirələrdə Türk dünyası QHT-lərinin 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) vahid mövqedən çıxış etməsi, Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinin dünyaya təqdim olunmasında birgə iştirak məsələləri nəzərdən keçirilib.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirilib ki, Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır: “Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir”.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, bu günlər Türk dünyası üçün çox önəmli və yadda qalan qürur günləridir : “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun Azərbaycanda keçirilməsi bizim üçün böyük fəxrdir. Bir daha Türk dünyasının ürəyi Azərbaycanda döyünür. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən forum çərçivəsində aparılan müzakirələr və qəbul olunan qərarlar Türk dünyasının gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.”
F.Hüseynzadə qeyd edib ki, noyabrın 24-də Bakıda “Gülüstan” Sarayında həmrəylik forumu açılışını etdi. Ümumi olaraq 500-dən artıq QHT forumda iştirak edirdi. Türk dünyasının bütün ölkələrindən qeyri-hökumət təşkilatları bu tədbirə qatılmışdılar: “Forumun ən önəmli və bizim üçün sevindirici məqamlarından biri Prezident İlham Əliyev tərəfindən bu tədbirə göstərilən xüsusi diqqət idi. Ölkə başçısının forum iştirakçılarına müraciətinin orada səsləndirilməsi və xüsusən vurğuladığı fikirlər bizim üçün böyük əhəmiyyət daşıyır. Cənab Prezidentin müraciətində qeyd olunur ki, bu gün Türk dünyası yüksəliş dövrünü yaşayır. Düşünürəm ki, Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Platformasının yaradılması Türk dünyasının daha da yüksəlişi və ümumiyyətlə, inkişafı üçün mühüm bir addım olacaq. Bu platforma çərçivəsində Türk dünyasının vətəndaş cəmiyyəti beynəlxalq təşkilatlarda öz sözünü deyəcək, qərar və bəyanatlarını təqdim edəcək. İnanırıq ki, Bakıda və Naxçıvanda keçirilən bu tədbirlər Türk dünyasının gələcəyi və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti üçün yeni perspektivlər açacaq”.
Zahid Rza, “İki sahil”