26 noyabr 2025 17:18
131

BƏƏ Prezidenti Azərbaycanın ədliyyə nazirini qəbul edib

Noyabrın 25-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.

“İki sahil” xəbər verir ki,  Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fərid Əhmədov, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını BƏƏ dövlət başçısına çatdırıb. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Əbu-Dabidə baş tutan qəbul zamanı Azərbaycan və BƏƏ prezidentlərinin təşəbbüsləri sayəsində iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində olduğu diqqətə çatdırılıb.

Dövlət başçılarının əldə etdiyi razılıqlar əsasında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış mülki və ticarət işləri üzrə, eləcə də cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya haqqında müqavilələr çərçivəsində əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ədliyyə sahəsində sıx əməkdaşlığın ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında hüquqi, eləcə də ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanların olduğu diqqətə çatdırılıb.