Bakı Şəhər Statistika İdarəsi ötən 10 ayın nəticələrini açıqlayıb
Sənayenin inkişafı haqqında
2025-ci ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 42,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma, 23,5 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,2 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2025-ci il vəziyyətinə 442,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 62,2 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2025-ci ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,9 faizini inşa, yenidənqurma və bərpa, 7,1 faizini əsaslı təmir, 4,1 faizini cari təmir, 2,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 91,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 31031,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 17208,4 milyon manata, qeyri-ərzaq malları isə 10,1 faiz artaraq 13822,9 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,2 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,9 faiz artmışdır. İstehlak məhsullarının 36,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,6 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2025-ci ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,0 faiz artaraq 1537,5 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 842,7 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 54,8 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2025-ci ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,6 faiz artaraq 7295,6 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 6569,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 90,0 faizini təşkil etmişdir.
Əməkhaqqı
2025-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1360,4 manat olmuşdur.
Bakı Şəhər Statistika İdarəsi